17,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Kimdən, nə qədər, niyə alırsınız -


Kimdən, nə qədər, niyə alırsınız -

15.05.2018 16:32
admin

İnsan haqları, demokratiya, vətəndaş cəmiyyəti, açıq sosium, gender bərabərliyi, korrupsiya ilə mübarizə... Bütün bunlar yaxşı səslənən, normal və inkişaf edən cəmiyyətdə yaşayan, yaxud da yaşamaq istəyən insanın qulaqlarına xoş gələn kəlmələrdir.

O kəlmələr ki, hər birinin altında imza atmağa hazıram.

Azərbaycanda da problemlər var - inkişaf edən hər ölkədə olduğu kimi. Korrupsiya da var - əks halda korrupsiya ilə mübarizə Komitəsi yaradılmazdı.

Lakin Azərbaycana - hakimiyyətə yox ha, məhz ölkəmizə - ünvanlanmış itttihamlar, köpüklü ağızlardan səslənən, bərəlmiş gözlərin dikilmiş baxışları və şəhadət barmağının silkələnməsi ilə müşayiət olunan suçlamaları əsla qəbul etmirəm.

Çünki yumşaq desək, məntiqsiz və əsassız, hər şeyi olduğu kimi desək, sarsaq və qərəzli ittihamlardır.

Azərbaycanda kadr islahatları aparılır, korrupsiya ilə mübarizə var, insan haqlarının tam təminatı və vətəndaş cəmiyyətinin qurulması istiqamətində də ciddi uğurlar var - bəlli, yalnız qlaukoma xəstəliyinin ən son həddində olan, ya da selikli qişadakı mirvari suyundan əziyyət çəkənlər bunu görməkdə çətinlik çəkə bilərlər.

Ya da çəkirlər - xəstə olmadıqları halda və bu da onların mövqelərindəki qüsurların mənəviyyatlarına birbaşa təsirini göstərir.

Azərbaycanın cəzalandırılmasını istəyənlər də məhz ölkəyə qarşı sanksiyaların tətbiqini istəyirlər.

Belə sinəvuranlar arasında "Meydan TV" də var.

... ABŞ Konqresinin Helsinki Komissiyası "Azərbaycanda seçkilər və fundamental azadlıqların vəziyyəti" mövzusunda keçirdiyi brifinqdə "ulduz" məhz "Meydan TV"nin rəhbəri Emin Abdullayev, yəni Emin Milli idi.

1999-2000-ci illərdə Bakıda Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002-2004-cü ildə Fridrix Ebert Fondunun Azərbaycan üzrə direktoru işləməsinə rəğmən, E.Milli siyasi konyukturun və psevdosiyasi məqsədlərin əsiri olmağın məntiqə zərərli təsirini hələ də anlamayıb.

Əks təqdirdə o, Massaçusets Universitetinin professoru Odri Alştadt, "Freedom Now" hüquq-müdafiə təşkilatının icraçı direktoru Maran Torner və komissiyanın siyasi müşaviri Everet Praysın "ağbirçəklik" etməyə çalışdıqları brifinqi Azərbaycan müxalifətinin saf-çürük edildiyi yığnağa çevirərək Vaşinqtondakı havadarlarından "əsas müxalifətçi" mandatı almağa çalışmazdı.

Artıq yazmışıq və demişik, bir də xatırladırıq: Orduxan Bəbirovu yanına salaraq Vaşinqtona aparan və orada "siyasi mühacir + bloqer + əjdaha oğlan + millət fədaisi+və ilaxır" təqdimatı ilə Bəbirovu az qala Azərbaycan siyasi fikrinin yeni "dühası üstəgəl mübarizi" qismində təqdim etməyə çalışmazdı.

Bu səhnələr mənə İlf və Petrovun "12 stul" əsərindəki Ostap Benderlə Kisa Vorobyaninovu xatırlatdı.

Emin Milli əllamə və fırıldaqçı, hər imkandan maksimum dərəcədə bəhrələnməyə çalışan Ostap, həyatında ilk dəfə ABŞ Konqresinə "müxalifət aslanı" leybli ilə aparılmış Orduxan Bəbirov isə hara və niyə düşdüyünü tam anlamayan, tapşırılan rolu ifa etməyə çalışan Kisa Vorobyaninova bənzəyirdilər.

Yadınızdadırsa, Ostap olmayan təşkilatdan bəhs edərək "Rusiyanı xilas edəcəyini" deyir, "Qərb bizə yardım edəcək" söyləyir, sonra "vicdanının səsinə qulaq asaraq ianə vermək məcburiyyəti"ndən danışır və pul yığmağa başlayır.

Emin Millinin brifinqdə sualları cavablayarkən ironiya ilə "Azərbaycanın ənənəvi müxalifəti" adlandırdığı AXCP, Müsavat və "Milli Şura" rəhbərləri ondan çox inciyiblər.

"Müxalifətdə artıq dəyişikliklər zamanı çatıb. Başçılıq etdikləri partiyalarda şəxsiyyətə pərəstiş sistemi yaradan partiya liderləri müasir reallıqları nəzərə almalı, gənclərə yer verməlidirlər"  - Emin Milli deyib.

Bu sözlər "ənənəvi" adlandırılan, amma siyasi müxalifətçilik ənənələrini belə, biabırçılıq həddinə çatdıran və koma vəziyyətində olan müxalifət "lider"lərinə çox pis təsir edib.

Təsir o qədər pis olub ki, "Milli Şura"nın həm də sədri Cəmil Həsənli az qala "onun burnundan gəlsin" söyləyib.

C.Həsənlinin dedikləri belə idi: "Qrantlarla bağlı onlar barədə bizə müraciət olanda həmişə müsbət rəy vermişik. Bilirdik ki, qrant alacaqlar, amma yenə də səbəbi, məbləği soruşmadan rəy vermişik. İndisə haqqımızda belə deyilir".

Tofiq Yaqublu - o kəs ki, "Azərbaycanda gənclər hakimiyyətə gətirilməlidir" sözlərini hinduist mantrası kimi fasiləsiz təkrarlayırdı - öylə qəzəbnak olub ki, buyurub: "Bilirsiniz, gənc olmaq hələ ağıllı, müdrik, bacarıqlı olmaq deyil. Təbii, 20 yaşlı gənc 60 yaşlı insanla müqayisədə daha tez qaçacaq, dağa daha yaxşı dırmaşacaq. Lakin bu, 20 yaşlı yazıçının 60 yaşlı yazıçıdan yaxşı əsər yazması demək deyil".

Əli Kərimli-Cəmil Həsənli duetinin ştatdankənar "Janna D-Ark"ı olan Gültəkin Hacıbəyli "Emin Milli belə etməməli" idi söyləyərək başını yelləyib Facebook statusunda hikkəsini qəzəbə bulayır.

Vaşinqtondakı Sevinc Osmanqızı isə "Emin Millini danışdıran qrantlardırmı?" başlıqlı video paylaşır və yazır: ""Meydan TV"-nin əməkdaşları özləri belə qrantların haradan gəldiyini bilmirlər. Bu, rəhbərlik tərəfindən onlardan gizli saxlanılır. Halbuki sponsorla mətbuat qurumu arasında redaktor siyasətinə müdaxilə olmayacağına dair şərt müqavilədə öz əksini tapmalıdır. Mənbəyi gizli saxlanan qrantlarla müstəqil mətbuat orqanı qurmaq olarmı?"

İndi bəlli oldumu Emin Abdullayevin, yəni Emin Millinin Vaşinqtona Orduxan Bəbirovu da apararaq getməsinin və Konqresdə "Azərbaycanı cəzalandırın!" söyləməsinin səbəbi?!

Dava məfkurə, demokratiya, mövqe savaşı yox, banal, trivial, hətta primitiv qrant davasıdır.

AXCP, Müsavat, "Milli Şura" ilə "Meydan TV" kimin daha çox müxalifətçi, konkret halda ABŞ-dan verilən göstərişlərə tam sadiq olduğunu göstərməyə çalışaraq "müxalifətçi vəsiqəsi" almağa çalışır.

Və bu arada "Meydan TV" 5 illiyini yubiley kimi qeyd edir.

Olsun, hər kəs əməlində azaddır - istəsələr, Lesotonun milli müstəqillik gününün Mokotolonqda qeyd olunmasının yubileyini də bayramlaşa bilərlər.

Fəqət, məni bir sual maraqlandırır: "ən obyektiv, ən demokratik", ümumiyyətlə, "ən... ən..." olduğunu sürəkli vurğulayan "Meydan TV" kimlərin hesabına, necə və niyə maliyyələşir?

Emin Millinin başçılıq etdiyi bu struktur Almaniyada qeydiyyatdan keçib və rəsmi sənədlərə görə, onlayn və ya oflayn televiziya, sayt, portal, Facebook səhifəsi yox, qeyri-hökumət təşkilatı, daha doğrusu, qeyri-kommersiya strukturudur.

Almaniya qanunvericiliyinə görə, "Meydan TV" saytında özü barədə məlumatları dərc etməlidir. Lakin saytın "Biz" rubrikasınqda redaksiyanın ünvanı, heyəti, telefonları və s. əvəzinə, ilk olaraq "Gizli olaraq bizimlə bölüşün" bölməsi var.

Sanki "Meydan TV" Vyetkonq partizanlarının cəngəllikdəki radiostansiyası, yaxud da Vişi hökumətinə qarşı mübarizə aparan Fransız müqavimətinin gizli mətbu orqanıdır.

5 yaşı olan "Meydan TV"nin rəhbərləri indiyədək bir dəfə olsun belə, maliyyə mənbələri, daha doğrusu, aldıqları qrantlar bardə bir kəlmə (!) açıqlama verməyib.

"Araşdırmalar" və "Təhqiqatlar" dərc edən sayt, videolar paylaşan Facebook səhifəsi kimdən, nə zaman, niyə və necə pul aldığını gizlədirsə, nə haqla, hansı hüquqla şəffaflıqdan, ədalətdən bəhs edə bilər?!

Axı Almaniya demokratik ölkədir, Emin Millini orada təqib edən yoxdur.

Belədirsə, saytda oxuculara "gizli müraciət edin", "TOR şəbəkəsindən yararlanın" tipli pıçıltılar, Kolumbiyadakı "Sendero Luminoso" mənsublarnının partizanlığına bənzədilən oyunbazlıq nədir?!

Emin Milli ona pul verənlərin, sponsorlarının adını açıqlamır və əməkdaşlarına da söyləmir.

Əksinə, "Meydan TV" əməkdaşları qarşısında tələb qoyulub: onlar pulların mənbəyi barədə sual verə bilməzlər. Versələr, cavab almayacaqlar və "arzuolunmaz şəxs" sayılacaqlar.

"Meydan TV"nin Azərbaycanda fəaliyyət göstərən əməkdaşları var, maaş və qonorarlar alırlar.

Di gəl, o pulların mənşəyi bəlli deyil.

Bütün bunları nəzərə alaraq "ən obyektiv və demokratik" adlandırdığı, amma qərəzli yanaşmada və aşkar yalanlarda suçlanan "Meydan TV"nin rəhbəri Emin Millidən soruşuram: cənab, başçılıq etdiyiniz strukturun maliyyə mənbələrini açıqlaya bilərsinizmi?! Axı nə də olsa, "Meydan TV" qeyri-hökumət təşkilatı, yəni NGO-dur və "üçüncü sektor" mənsubu sayılır.

Belə deyilsə, kimin əllərinin kimin cibinə nə üçün pul qoyduğunu etiraf etmək "yubiley sürprizi" olmazdımı?!

Elçin Alıoğlu
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *