11,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » Prezident İlham Əliyev: "2018-ci il Azərbaycanda sənayenin və kənd təsərrüfatının inkişafı baxımından uğurlu olacaq"


Prezident İlham Əliyev: "2018-ci il Azərbaycanda sənayenin və kənd təsərrüfatının inkişafı baxımından uğurlu olacaq"

10.01.2018 23:07
admin

2018-ci il Azərbaycanda sənayenin və kənd təsərrüfatının inkişafı baxımından uğurlu olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, sənaye parklarının yaradılması istiqamətində praktiki addımlar atılır. Keçən il Neftçala Sənaye Məhəlləsi istifadəyə verilib. Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilir:

"Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı bu il gözlənilir. Sumqayıt Kimya Sənaye Parkında isə işlər çox uğurla gedir. Keçən ilin sonunda dörd yeni müəssisənin açılışı oldu və üç müəssisənin təməli qoyuldu. Əminəm ki, onların istifadəyə verilməsi bu il, ya da ki, gələn ilin əvvəllərində nəzərdə tutulacaq. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 15-ə çatıb və qoyulan, qoyulacaq sərmayənin həcmi 2,7 milyard dollara bərabərdir. Bax, bu təşəbbüs görün nə qədər gözəl nəticə verir. 2,7 milyard dollar sərmayə qoyuluşu böyük rəqəmdir. Halbuki Sumqayıt Kimya Sənaye Parkının ərazisində hələ iki-üç il bundan əvvəl dağılmış binalar, çürümüş borular, infrastruktur - hamısı bərbad vəziyyətdə idi. Dövlət bu yükü öz üzərinə götürdü, vəsait ayırdı və bütün lazım olan infrastrukturu yaratdı. Digər sənaye parklarımızda da bu işi dövlət öz üzərinə götürür və götürməlidir. O cümlədən dövlət kənd təsərrüfatı ilə bağlı olan işləri - infrastruktur işlərini, meliorativ tədbirləri, kanalların çəkilməsini, suyun sahələrə verilməsini öz üzərinə götürür. Deyə bilərəm ki, bu da dünya praktikasında çox nadir hallarda rast gəlinən məsələdir. Çünki bir çox ölkələrdə sahibkarlar özləri bu işləri görürlər".

İlham Əliyev əmin olduğunu bildirib ki, 2018-ci il də sənaye inkişafı ilə bağlı əlamətdar il olacaq: "On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır. Bu da minlərlə iş yeri deməkdir. Xüsusilə bu fabriklərdə işləyənlər qadınlardır. Bu, qadınlar üçün yaradılan gözəl iş yerləridir ki, onlar öz biliyini, istedadını orada əks etdirə bilirlər və özləri üçün də, ölkəmiz üçün də yaxşı maliyyə imkanları yaradırlar. Onların məhsulları ixrac potensialımız, Azərbaycan xalçasının dünyada təbliği üçün gözəl imkanlar yaradır. Ona görə, bu il on yeni fabrikin açılışı nəzərdə tutulur".

Dövlət başçısı, həmçinin əmin olduğunu bildirib ki, 2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaq: "Keçən il kənd təsərrüfatı 4,1 faiz artıbdır. Bu, yaxşı göstəricidir. Biz həm ərzaq təhlükəsizliyi məsələlərini həll edirik, həm də kənd təsərrüfatının bizim üçün ənənəvi olan texniki sahəsini inkişaf etdiririk. Qeyd etməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumu da ərzaq təhlükəsizliyi ilə bağlı hesablama aparıb. Ərzaq təhlükəsizliyi indeksinə görə Azərbaycan 57-ci yerdədir. Bu, yaxşı göstəricidir. Ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək ki, biz keçən il olduğu kimi, bu il də idxaldan asılılığı azaldaq və ixracyönümlü məhsulların həcmi artsın".

Prezident deyib ki, yeni kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait nəzərdə tutulub: "Burada əsasən taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər avadanlıq nəzərdə tutulur. Keçən il isə ölkəmizə 10 min kənd təsərrüfatı texnikası gətirilib. Dövlət vəsait ayırır, texnika gətirir, lizinq yolu ilə fermerlərə verir. Yəni, kənd təsərrüfatı dövlətin dəstəyi olmadan inkişaf edə bilməz. Bunu hamı bilməlidir. Əlbəttə ki, rentabellilik olmalıdır. Bəzi sahələr rentabelli sahələrdir, bəzi sahələr subsidiya hesabına yaşamalıdır. Bu, inkişaf etmiş ölkələrdə də belədir. Orada da subsidiyalar var, orada da dövlət fermerləri dəstəkləyir ki, ərzaq təhlükəsizliyi təmin edilsin, iş yerləri yaradılsın. Biz də bu yolla gedirik. Ona görə əgər hansısa kənd təsərrüfatı sahəsində istehsal o qədər də rentabelli deyilsə, bu, böyük faciə deyil, bundan faciə düzəltmək lazım deyil. Dövlət ilkin mərhələdə öz dəstəyini göstərir, bundan sonra hər şey yoluna düşəcək. Necə ki, biz indi kənd təsərrüfatının istehsalında bu artımı görürük. Əgər dövlət lazım olan vaxtda öz dəstəyini göstərməsəydi, bu gün kənd təsərrüfatında 4,1 faiz artımdan söhbət belə gedə bilməzdi və əksinə, bəlkə də bu sahə tənəzzülə uğrayardı".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30