8,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » "Bu günlərimdə Nahidə məni tək qoydu" - Əməkdar artist illərdir dostluq etdiyi aktrisa rəfiqəsindən danışdı - FOTO


"Bu günlərimdə Nahidə məni tək qoydu" - Əməkdar artist illərdir dostluq etdiyi aktrisa rəfiqəsindən danışdı - FOTO

13.11.2017 21:03
admin

Əməkdar artist Almaz Ələsgərlinin Milli.Az-a müsahibəsi.

- Almaz xanım, son illər sizi müğənnilikdən daha çox aktrisa kimi görürük. Olmaya həmişəlik aktrisa olmağa qərar vermisiniz?

- Bəli, uzun zamandır artıq mən həm də Musiqili Teatrda çalışıram. Buna görə özümü çox xoşbəxt hesab edirəm. Teatrımızın direktoru Əliqismət Lalayevlə çalışmaqdan böyük zövq alıram. Əliqismət müəllim öz işçilərinə hər zaman hörmət və böyük sayğı göstərir. Artıq 5 tamaşada baş rolda çıxış etmişəm. Yanvar ayında, inşallah, İrana qastrol səfərinə gedəcəyik. Əslində, mən tələbəlik illərimdə bir müddət bu teatrda çalışmışam. O vaxtı Hacıbaba Bağırov, Emin Sabitoğlu və Xədicə Xasıyeva mənim oyun tərzimə heyran olmuşdular. Bu teatrda oynayanda 17 yaşım var idi. İlk tamaşam da "Nəğməli könül" də baş rol idi.

- Bəs niyə teatrı tez tərk etdiniz?

- Mənim o vaxt müğənniliyə daha çox həvəsim var idi. Mən teatrda işləyə-işləyə Vaqif Gərayzadənin ansamblında çalışırdım. 2 ildən sonra teatrı tərk edib Rəşid Behbudov adına Mahnı teatrına gəldim. Rəşid Behbudov mənim böyük müəllimim olub. Məni səhnəyə ilk dəfə o çıxarıb. Səsimi düz işlətməyimi, mikrofon tutmağımı o, mənə öyrədib. Bundan başqa mən sənətdə Yaqut Abdullayeva, Mobil Əhmədov, Məlik Dadaşov və Həsən Turabov kimi böyük ustadlardan dərs almışam. Məktəb keçmək çox gözəl şeydir. İndiki müğənnilər bir klip çəkdirirlər, deyirlər ki, biz müğənniyik. Amma bu sənətdə peşəkarlardan təhsil almaq çox önəmlidir.

- Teatrı tərk etmədən Musiqili teatrda olub, paralel müğənni də ola bilərdiniz. Onsuz da, səs olsa da, olmasa da mütləq şəkildə səhnədə oxumağa məcbur idiniz.

- Xeyr, səsin olub-olmamağıyla deyil. Əgər Musiqili teatrdasansa, səsinin olmağı mütləqdir. Teatrımızın direktoru Əliqismət müəllim səhnə üçün aktyorları bircə-bircə seçir. Bizdə elə uşaqlar var ki, vokal səsləri çox güclüdür. Səsi olmayan bir-iki qocaman sənətçi ola bilər ki, rejissor da onların başqa istedadından istifadə edir.

- Alim Qasımovla oxuduğunuz "Səni axtara, axtara" adlı duet o vaxtlar çox məşhur oldu. Niyə bu duetin ardı gəlmədi?

- Bu dueti 1987-ci ildə yazmışdıq. İdeya həmişə olduğu kimi Vaqif Gərayzadədən gəlmişdi. Bu klip o vaxtı ilk kliplərdən biri idi. Bugünkü gündə məni kim görürsə, hamı bu mahnını soruşur. Bəzən əsəbləşirəm ki, mənim bundan başqa mahnım yoxdur? Bizim Alim müəllimlə duetlərimizin olmamasına səbəb mənim sənətdə etdiyim fasilələr oldu. Alim Qasımov hazırda bütün dünyada məşhurdur. Mən fəxr edirəm ki, zamanında o cür böyük sənətkarla duet ifa etmişəm.

- Amma sənətinizdə fasilələr olsa da heç vaxt tamaşaçılar tərəfindən unudulmamısınız.

- Bəli, mən sənətdən çox gedib-gəlmişəm, amma həmişə öz yerimi tutmuşam. Sənətkarın gərək öz dəsti-xətti, səs diapozonu olsun. Səni, ilk öncə, xalqın sevməlidir. Xalq sevirsə, qalan hər şey ikinci və üçüncü plandadır.

- Yoxluğunuzdan istifadə edib yerinizi tutmaq istəyən həmkarlarınız oldu?

- Vallah, mən heç vaxt elə şeylərə fikir verməmişəm. Mən özümü xoşbəxt hiss edirəm ki, Allah bu sənəti mənə hədiyyə edib. Rəhmətlik anam həmişə məni sənətdə görmək istəyirdi. Mənə bu sənəti məhz o sevdirib. Bilirsiniz ki, dahi bəstəkar Cahangir Cahangirov mənim doğma dayımdır. Onunla fəxr edirəm ki, qanımız elə insanlardan gəlib. Anam da o vaxt müğənni olub, xalalarım və xalam qızları bir çox alətlərdə ifa ediblər. Mənim xəmirim büsbütün sənət aləmində yoğrulub.

- Çox pozitiv xanımsınız, həmişə üzünüz gülür. Olmaya dərdlərinizi gülüşünüzlə ört-basdır edirsiniz?

- Mənim anam da elə olub. Amma atam çox zəhmli idi, o gələndə qaçıb gizlənirdik. Anam bizi uşaqlıqda başına yığıb tamaşalar göstərirdi, həm bizi oynadırdı, həm də güldürürdü. Bizə bir boşqab yeməyi yedirtmək üçün anam bizim yanımızda oynayırdı. Anam tərəf çox pozitiv olub. Mən bu gün də qohumlarımla görüşəndə ancaq gülüb danışıram. Hamının problemi var, onu gərək tamaşaçıya bildirməyəsən. İnsanla-insan arasında da fərq var, insan var ki, qaraqabaqdır. Bu da gendən gəlir. Elə adam var ki, istəyirsən ki, heç onun yanında dayanmayasan. Mənim elə rəfiqələrim var ki, onlarla restorana yemək yeməyə gedəndə iştahım ölür. Yeməyi də ürəklə yemək lazımdır.

- İllər öncəki görüşünüzə baxanda bugünkü gündə xeyli çəki almısınız. Yeməyi ürəklə yediyiniz çox bilinir. Artıq çəki almağınız sizi narahat etmir ki?

- Xeyr, qətiyyən narahat deyiləm. Mən arıqlasam, özümü təsəvvür etmərəm. Qadının hər yaşının öz forması və görünüşü var. Cavan qız olsaydım, hə, siz deyən idi. Qızlarım da deyir ki, mama arıqlama. Mənim rollarım da ətli-qanlı qadın rollarıdır. Səhnədə kök aktrisa gözəgəlimli olur.

- Teatrdakı rollarınızı rəfiqəniz Nahidə xanımla dublyor olaraq bölüşürsünüz. Adətən dublyorlar arasında mübahisələr olur. Sizin aranızda bu mövzuda problem yaşanıbmı?

- Nahidə xanımla dublyoram, amma indi mənim dublyorum elə arıqlayıb ki... Nahidə məni tək qoyub, tək qalmışam. Bizim Nahidə ilə heç bir problemimiz olmayıb. Biz illərin dostuyuq, heç vaxt rola, sənətə görə bir-birimizin xətrinə dəymərik.

- Elə bir xasiyyətiniz varmı ki, dəyişmək istəyirsiniz?

- Mən insanlara həddindən artıq çox inanıram. Elə bilirəm ki, hamısı özüm kimidir. Ayağım büdrəyir yıxılıram, amma ayağa qalxandan sonra yenə də həmin şeyi təkrarlayıram. Mənə uşaqlıqdan deyiblər ki, pisliyə yaxşılıqla cavab ver. Pis adam görəndə ona həmişə yaxşılıq edirəm. Bəzən o da çönüb yaxşı insan olur. İnsanları dəyişdirə bilmək bacarığım var. Heç kimin pis tərəfini görmürəm. İnsan var ki, insanlarda yalnız pis şey axtarır. Amma mən elə deyiləm.

Əli Rəhimoğlu
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930