23,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » İkiərli qadın, yaxud üç tənhanın başına gələnlər - FOTO


İkiərli qadın, yaxud üç tənhanın başına gələnlər - FOTO

04.06.2018 20:20
admin

Bu ikihissəli komediyanın məhz 1991-ci ildə yazılması necə də labüd idi!... Sosialist düşərgəsinin dağıldığı və deməli milyonlarla insanın dünyagörüşünü formalaşdırmış dəyərlərin alt-üst olduğu ötən əsrin son oniliyində, dəlisov 90-cı illərdə, adamların mütləq çaşqınlıq içində vurnuxduğu bir zamanda təsəvvürlər azmış kimi ölkələr, dövlətlər də dağılır, parça-parça olurdu. Yuqoslaviya Sosialist Federativ Respublikası (YSFR) kimi. Xorvatiyalı nasir, dramaturq, uşaqlar üçün kitablar müəllifi Miro Havran YSFR-də dünyaya gəlib, özü də XX əsrin İntibah dövrü adlandırılan 60-cı illərdə. Deməli fəaliyyəti və yaradıcılığı 90-cı illərin əvvəllərinə təsadüf edib - Zaqrebdə teatr və kino Akademiyasını bitirib, pedaqoji, naşirlik fəaliyyətilə məşğul olub, Mərkəzi-Avropa Vaxtı, Avropa dairəsi və digər mükafatlara layiq görülüb. Əsərləri 25 dilə tərcümə edilib. Onun pyesləri Bombeydən Buenos-Ayresədək, Rotterdamdan Vaşinqtonadək teatrların repertuarına öz çalarını vurmaqdadır.  2003-cü ildən Slovakiyanın Trnava şəhərində Miro Havranın pyeslərinə yeni meydan verən "Havranfest" keçirilməkdədir. 

Güclü çiyin hərisi...

Komediyanın ümumi adı və birinci hissəsi "Arvadımın əri", ikinci hissəsi isə "Arvadımın ərinin qayıtması" adlanır. Cəmisi üç personajdan - Kreşe, Carkets və Dragitsadan ibarət pyesdəki hadisələr əlbəttə ki, sağlam məntiqdən, hüquqi-normativ qaydalardan, əxlaqi-mənəvi dəyərlər prizmasından kənar görünür: həyat yoldaşı, qatar bələdçisi Dragitsa səfərdə ikən Kreşe ev işləri ilə məşğuldur, Carkets onun evində peyda olub bəyan edir ki, onların hır ikisi Dragitsanın bərabərhüquqlu ərləridir. Kreşe şok vəziyyətinə düşür, Dragitsaya bərk qəzəblənir və onu öldürəcəyini qət edir. Carkets isə bunun ötəri hal olduğunu, özünün bu faktla üzləşəndə o halı artıq arxada qoyduğunu deyir və vəziyyətdən çıxış yolu tapmalarının vacibliyi üçün bu evə gəldiyini bildirir. Onlar bir-birinə Dragitsa ilə tanışlıq xatirələrini danışırlar. Aşkar olur ki, bu xatirələrdə fərqli heç nə yoxdu - Dragitsa onların hər ikisini eyni ssenari üzrə ələ keçirib. Kreşenin zərbəsi daha yeni olduğundan və ya nədənsə onların hər ikisinin axmaq olduğunu deyir. Situasiyanın qəribəliyi o yerə gəlib-çatır ki, bişirib-düşürmək işlərini məmnuniyyətlə yerinə yetirən Kreşe ilə yır-yığış işlərinə həvəsli Carkets (Dragitsa yalnız işləyib pul qazanır) ümumi maraqlarını, basketbol oyununu da tapırlar və...birgə yaşamağa qərar verirlər. Lakin bir müddətdən sonra bu sayıqlama da keçib-gedir.  Qəribə sağlıqlar söyləyib doyunca içən ərlərin hər birində Dragitsanı əldən verməmək instinkti üstün gəlir. Üstəlik Kreşeyə məlum olur ki, Dragitsanın 7 yaşlı bir qızı da var. Bu uşaq qeyri-qanuni əlaqədən dünyaya gəlib və Carkets son 5 ili ona atalıq edir. Kreşe isə çoxuşaqlı ailənin böyük övladı olduğu və bacı-qardaşlarını böyütdüyü üçün onda uşaqlara qarşı ikrah hissi əmələ gəlib. Onların üçü də - Kreşe də. Carkets də, Dragitsa da tənhalıqdan qorxan, özlərini bu qorxu qarşısında tamamilə itirmiş, axmaqlıq dərəcəsində saf adamlardır. Dragitsa isə uşaq ikən ata-anasını itirib, xalasının ümidinə qalıb, bir sözlə, həyat onu dünyaya gələndən bəri sərt üzlə qarşılayıb. Qız övladının atasız-ailəsiz böyümə perspektivi, onu, Dragitsanı yaxınlığa sövq edib hamilə ikən işdən qovan kafe sahibi Nikoladan hardasa hayıf almaq bu qadında iki ərə, iki güclü çiyinə eyni vaxtda sahib olmaq hərisliyi yaradıb. 

Pyes və tamaşa

Komediyanın birinci hissəsi Kreşe ilə Carketsin hər şeyi necə var eləcə də saxlamaq, bu vaxta qədər necə rahat yaşayırdılarsa o cür də davam etmək, Dragitsaya bu haqda heç nə bildirməmək qərarı ilə başa çatır. İkinci hissə iki ildən sonrakı hadisələri təsvir edir: Carkets yenə daha bir şokedici xəbərlə Kreşenin yanına gəlir. Xəbər isə ondan ibarətdir ki, sən demə Dragitsanın qızı Matildanın atası Nikola onların zənn etdiyi kimi qızcığaz dünyaya gələndən iki il sonra insultdan ölməyib, sağdır və... Dragitsa artıq altı aydır onunla görüşür. Zavallı ərlərin izzəti-nəfsi növbəti dəfə yaralanıb. Elə bu vaxt Dragitsa işdən qayıdır, Carkets gizlənir, Kreşe arvadını sorğu-sual etməyə başlayanda isə ikinci ər də səhnəyə çıxır. Komediya Dragitsanın onlardan biri ilə vidalaşmaq qərarının qaçılmaz olması qənaəti ilə bitir və sonluq novellanı andırır - Dragitsanın ərlərindən məhz hansını seçdiyi naməlum qalır.

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində bu komediya əsasında Əlif Cahangirli tərəfindən qoyulan "Qəribə, çox qəribə əhvalat" tamaşası pyesin struktur və süjetinə dəyişikliklər edilməklə ərsəyə gəlsə də (Dragitsanın özünün əvəzinə yalnız gözəl fotoportretinin görünməsi, səhnədə əl-ayağı sarıqlar içində olan Nikolanın peyda olması, sonluğun yalnız birinci hissənin finalı ilə uyğunluğu və bəzi kiçik müdaxilələr), əsərin ruhu, müəllifin mövqeyi dəyişməz qalıb. Bu ruh, bu mövqe isə qəhrəmanların düşdüyü vəziyyətə sarkazmdan, istehzadan keçən gülüşlə deyil, ürəyi yanaraq və ya bütün bu ağlasığmazlığı tamaşaçının öhdəsinə buraxaraq, heç bir vəchlə nəyisə diktə etməyərək çatdırmaqdan ibarətdir. Bir növ yarıpritça-yarıfars olaraq...
Quruluşçu rəssamı Nazim Bəykişiyev, işıq rəssamı Rəfael Həsənov olan, Kreşe rolunda Rafiq Əzimov, Carkets rolunda Hacı İsmayılov, Nikola rolunda Ramin Şıxəliyevin çıxış etdiyi tamaşa kamera səhnəsinin incəliklərini, gözlənilməzlik effektinin məqamlarını sonadək qoruyub-saxlaya bildi. R.Əzimovla H.İsmayılov növbəti dəfə aktyorluq ustalıqlarını nümayiş etdirərək obrazlarının portretini dəqiq çəkərək onları anlaşıqlı dildə danışdıra bildilər. Tamaşa zalında incənətə aidiyyatı olan gənclərin əksəriyyət təşkil etdiyini nəzərə alsaq, bir saatlıq yeni tamaşanın onlarda teatr sənəti haqqında müsbət təsəvvür yaratdığını və ya seçdikləri sahəni yenidən sevdiklərini təxmin etmək olar. Tamaşanın yalnız bir hissəsi, Kreşe ilə Carkets içki süfrəsi arxasına keçəndən sonra bir neçə dəqiqəliyə yeknəsəqlik dalğasına düşdü. Düşünürəm ki, tamaşadan-tamaşaya bu dalğa tamaşanın ümumi düşündürən baxımlılıq ruhundan kənar hal təsirini itirəcək.

Samirə Behbudqızı

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *