20,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Mübariz İbrahimovla bağlı film çəkmək istəyirəm" -


"Mübariz İbrahimovla bağlı film çəkmək istəyirəm" -

11.05.2018 19:18
admin

Türkiyənin tanınmış rejissoru Osman Sınav müsahibə verib.

Milli.Az report-a istinadən həmin müsahibəni təqdim edir:

Dosye: Osman Sınav 1956-cı ildə Türkiyənin Burdur şəhərində anadan olub. 1975-ci ildə İstanbul Devlet Güzel Sanatlar Akademiyasının rəsm, 1977-ci ildə həmin məktəbin tekstil dizaynı bölmələrini bitirib. Eyni zamanda 1979-cu ildə İstanbul Devlet Güzel Sanatlar Akademiyasının Sinema Televiziya İnstitutundan məzun olub. 1984-cü ildə "Sinegraf Film Yapım/Yönetim Ltd. Şti."ni qurub və 500-ə yaxın reklam filmi çəkib. 1987-ci ildən etibarən isə kino sahəsinə addım ataraq yüzlərlə film və teleseriala imza atıb. Bunların sırasında "Bir Muharririn Ölümü", "Hünkarın Bir Günü", "Yalancı Şafak", "Küçük Dünya", "Aşka Kimse Yok", "Süper Baba", "Yalancı", "Melek Apartmanı", "Mavi Düşler", "Sıcak Saatler", "Gerilla", "Deli Yürek", "Deli yürek: Bumerang Cehennemi", "Ekmek Teknesi", "Kurtlar Vadisi" (55 bölüm), "Acı Hayat" və s. var. Hazırda isə ATV ekranlarında yayımlanan və milyonlarla izləyicisi olan "Sen Anlat Karadeniz" teleserialının rejissorudur.

- Bu günədək Türkiyədə kino sahəsində çox böyük uğurlara imza atmısınız. Yəqin ki, Azərbaycan filmləri haqqında da kifayət qədər məlumatlısınız. Bəs Azərbaycanda necə, film çəkməyi düşünürsünüzmü?

- Bizim kökümüz, mədəniyyətimiz birdir, qardaşıq və eyni atanın övladlarıyıq. Mənim Azərbaycanda çox yaxın dostlarım var. Hətta Azərbaycanın bir çox şəhərlərində də olmuşam və çox bəyənmişəm. Azərbaycan mənim vətənimdir, Azərbaycandakı qardaşlarımı çox sevirəm.

Təbii ki, Azərbaycan kinosu haqqında məlumatlıyam. Azərbaycan kinosu zəngin tarixi köklərə malikdir. Azərbaycan filmlərinin əksəriyyətini izləmişəm, ancaq konkret ad çəkə bilmərəm.

Növbəti sualınıza cavab olaraq bildirim ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı film çəkmək istərdim. Mübariz İbrahimov Azərbaycanın bu günüdür, günümüzdə belə qəhrəmanların həyatı ilə bağlı filmlər çəkib gənclərə vətənpərvərlik ruhunu aşılamağa çox ehtiyac var. Tarixi qəhrəmanı canlandırmaqdansa, insanlara görüb tanıdıqları adamlarla bağlı film çəkmək daha faydalı olar. Mən, əslində, "Deli Yürek" filmində də bunu etməyə çalışmışam. Əsrimizə uyğun qəhrəman yaratmışam. Əgər çəkmək qismət olsa, Mübariz İbrahimovla bağlı film də yaradıcılığımın gözəl bir parçası olacaq. Bu məqsədlə Azərbaycana yenidən getmək istərdim. Bu, mənim arzumdur və azərbaycanlı dostlarımın da bundan xəbərləri var. Mən hələ də bu arzumun gerçəkləşməsini gözləyirəm...

- Sizcə, Azərbaycan və Türkiyə arasında kino sahəsində əməkdaşlığın davam etdirilməsi üçün nə kimi təklifləriniz var?

- Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq vacib məsələlərdəndir. Ortaq layihə və filmlərimizin sayını artırmalıyıq. Bu filmlərdə isə hər iki ölkənin aktyorları iştirak etməlidirlər. Məqsəd aktyorların tanınmasıdır. Türkiyə tərəfi buna hazırdır, amma bu iş sistemli qurulsa, daha yaxşı olar.

Azərbaycandan bir məsələdə incikliyim var. Son illər qardaş ölkədə Türkiyə filmlərinin dublyajsız yayımına qadağa qoyulub və bu da məni çox kədərləndirir. Bu filmlər sayəsində dil birliyi çox sürətlə inkişaf edirdi. Qadağa bunun qarşısını aldı. Çünki bu filmlər sayəsində azərbaycanlı uşaqlar Türkiyə türkcəsində sərbəst şəkildə danışırdılar. Bu, əslində, düşündüyümüz türk birliyinin yaranması üçün çox faydalı idi.

- Azərbaycanlı aktyorlar türk seriallarında çəkilmək üçün müraciət edirlərmi?

- Təbii ki, bununla bağlı müraciətlər və zənglər çox olur. Elə ötən günlərdə azərbaycanlı aktyorlardan biri mənə bu məsələ ilə bağlı zəng etmişdi. Aktyorlarınız bizim filmlərdə rol almaq istəyirlər. Bunun səbəbi də geniş coğrafiyada tanınmaq, böyük audoriya tərəfindən sevilmək istəyidir.

- Bəs dünyada türk seriallarına olan sevgi və marağın sirri nədədir?

- Bunun heç bir formulu yoxdur. Bəlkə də Türkiyənin geniş coğrafiyaya sahib olmasından qaynaqlana bilər, tranzit ölkə olması da bunun səbəblərindən biridir. Nümunə olaraq bildirim ki, son işim olan "Sen Anlat Karadeniz" serialını 6-cı seriyasında Argentinaya satdıq. Bu hadisə türk filmi tarixində bir ilk idi, film bitmədən və ya, ən azı, 13 seriyası çəkilmədən belə bir müqavilə imzalandı. Argentina türk dövləti deyil, ancaq həyata baxışlarımızda ortaq nöqtələr var ki, bu da onlarda bizim mədəniyyətimizə sevgi formalaşdırır. Bəlkə də insanlığa qarşı səmimiyyətimiz, humanizmimiz argentinalıların diqqətini çəkib.

- Gələcəyə dair planlarınız nədir, tələbələr də yetişdirirsinizmi?

- İşimi sevirəm, həm də bu işdən başqa heç bir iş görə bilmərəm. Çünki rejissorluq mənim həyat fəlsəfəmdir. Hazırda Mimar Sinan Güzel Sanatlar Universitetində dərs deyirəm. Bundan əvvəl Şimali Kipr Türk Cümhuriyyətində universitet müəllimi kimi fəaliyyət göstərmişəm. Günümüzdə istedadlı gənclər çoxdur. Hazırda Türkiyənin ən uğurlu filmlərinə imza atan 7 rejissor yetişdirmişəm. Elə "Diriliş Ertuğrul" serialını çəkən rejissor da mənim tələbəmdir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *