22,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bağlı altı məkan - FOTO


Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bağlı altı məkan - FOTO

09.02.2018 07:41
admin

Milli.Az AZƏRTAC-a istinadən Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bağlı altı məkanı təqdim edir.

Mirzə Fətəli Axundzadənin Şəkidəki ev-muzeyi

Azərbaycan dramaturgiyasının banisi, yazıçı və mütəfəkkir Mirzə Fətəli Axundzadə (1812-1878) Nuxada (Şəki) anadan olub. Yazıçının uşaqlıq illərinin keçdiyi ev indi də qalır. 1937-ci ildə burada M.F.Axundzadəyə, onun anasına, ailəsinə məxsus şəxsi əşyaların sərgiləndiyi muzey yaradılıb.

M.F.Axundzadənin evinin yaxınlığında geniş sərgi zalı var. Burada yazıçının yaradıcılığı ilə tanış olmaq olar. Sərgi zalında M.F.Axundzadənin kitabları, sənədləri, əlyazmaları, mebel, o cümlədən yazıçının iş masası, onun və müasirlərinin portretləri, həmçinin görkəmli Azərbaycan dramaturqunun həyatını əks etdirən digər tarixi eksponatlar saxlanılır.

Gəncədəki Nizami Gəncəvi Muzeyi

Dahi Azərbaycan şairi və mütəfəkkiri İlyas Yusif oğlu Nizami (1141-1209) Gəncə şəhərində anadan olub, yaşayıb və vəfat edib. Onun Gəncəvi təxəllüsünün mənşəyi də bu şəhərlə bağlıdır. Nizami poeziya və elmlə məşğul olub. Xalq arasında müdrikliyi və təvazökar həyat tərzi ilə seçilən şair Azərbaycan hökmdarlarının - Atabəylərin sarayına yaxın olub. O, Azərbaycanda və İranda geniş yayılmış beş poemadan ibarət "Xəmsə"si ilə şöhrət qazanıb.

2014-cü ildə Gəncədə, böyük şairin məqbərəsi yaxınlığında açılmış muzeydə Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə daha geniş tanış olmaq olar. Muzeyin ekspozisiyalarına qədim əlyazmalar, Nizaminin əsərlərinə çəkilmiş bədii illüstrasiyalar, heykəltəraşlıq nümunələri, şairin yaşadığı dövrdə geniş yayılmış məişət əşyaları və digər qiymətli eksponatlar daxildir. Burada, həmçinin dahi şairin 800 və 840 illik yubileyləri münasibətilə nəşr edilmiş kitablar və monoqrafiyalar nümayiş olunur. Ayrıca stenddə isə 2011-ci ildə Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində çəkilmiş fotoşəkillərlə tanış olmaq mümkündür.

Bundan başqa, muzeydə şairin həyat və yaradıcılığını əks etdirən monitorlar, müfəssəl məlumatın yer aldığı elektron köşk də quraşdırılıb. Muzeyin elmi-tədqiqat bölməsində elmi tədqiqatların aparılması üçün hər cür şərait yaradılıb. Burada konfrans zalı, qonaqlar və turistlər üçün istirahət guşələri də var.

Gəncədəki Məhsəti Gəncəvi Mərkəzi

Azərbaycan poeziyasının daha bir böyük nümayəndəsi - XI əsrin sonu - XII əsrin əvvəlində yaşamış Məhsəti Gəncəvi də Gəncənin yetirməsidir. O, Azərbaycanın ilk görkəmli şairəsi, ilk qadın şahmatçısı, ilk məşhur qadın musiqiçi və bəstəkarı olub. Yeni şəhər poeziyasının nümayəndəsi olan Məhsəti Gəncəvi öz şeirlərində rəssamları, şairləri və müğənniləri tərənnüm edib. Onun fəlsəfi düşüncə dolu şeirləri, xalq yaradıcılığından yoğurulmuş rübailəri Azərbaycan və Şərq poeziyası tarixində mühüm rol oynayıb.

2013-cü ildə Azərbaycanda Məhsəti Gəncəvinin 900 illiyi təntənəli şəkildə qeyd edilib. Bu yubiley çərçivəsində çoxsaylı tədbirlər, sərgilər, konsertlər təşkil olunub, Gəncədə Məhsəti Gəncəvi Mərkəzi tikilib. Məhsəti Gəncəvinin zəngin irsinin nümayiş olunduğu mərkəzin üçmərtəbəli binası qarşısında şairənin əzəmətli heykəli ucaldılıb, Məhsəti bağı salınıb.

Klassik memarlıq üslubunda inşa edilmiş binada şairənin yaradıcılığına həsr edilmiş rəsm qalereyası, oxu zalı, Məhsətinin Azərbaycan, rus və ingilis dillərində rübailərinin yer aldığı elektron köşk var. Burada, həmçinin Məhsətinin və Nizaminin ədəbi irsindən, Azərbaycan xalçaçılıq sənətindən bəhs edən kitablar nümayiş olunur.

2013-cü ildə Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Fransanın Reyms və Miluz şəhərlərində Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş sərgi və konsertlər təşkil olunub. Mərkəzdə bu tədbirləri əks etdirən fotoşəkillər sərgilənir.

Mərkəzdə təkcə Məhsəti Gəncəvinin deyil, digər görkəmli Azərbaycan şairləri və mütəfəkkirlərinin də həyat və yaradıcılığı haqqında müfəssəl elmi informasiya almaq olar. Mərkəzin nəzdində fəaliyyət göstərən sərgidə Azərbaycan musiqi alətləri, habelə Məhsətinin dövründə qadınların milli geyim nümunələri sərgilənir. Rəsm qalereyasında Məhsəti Gəncəvi və onun rübailəri haqqında müxtəlif tablolar, incəsənət əsərləri, monumental əsərlər, şairənin rəsmi olan xalçalar nümayiş olunur. Məhsəti otağında proyektor vasitəsilə miniatürlər və təsviri sənət əsərləri ilə tanış olmaq mümkündür. Mərkəzdə musiqi studiyası, not kitabxanası, muğam və fortepiano şöbəsi, iclas zalı da var.

Gəncədə Cavad xan türbəsi

Gəncə şəhərinin mərkəzindəki Cümə məscidi ərazisində Gəncə xanlığının son hökmdarı Cavad xanın türbəsi yerləşir.

Cavad xanın hakimiyyəti zamanında (1786-1804-cü illər) Gəncə görünməmiş çiçəklənmə dövrü yaşayıb. Xanlığın öz gerb və bayrağı vardı. Mədəniyyət, ticarət əlaqələri və sənətçilik inkişaf edir, yeni məscidlər, karvansaralar tikilir, qədim memarlıq tikililəri bərpa olunurdu. Cavad xanın sarayında alimlər, yazıçılar və şairlər toplaşırdı. Tanımış Azərbaycan şairi Mirzə Şəfi Vazehin atası Kərbalayı Sadıq saray memarı, qədim Hindistan nağılının Azərbaycan versiyası olan "Tutinamə"nin müəllifi Möhsün Nəsiri isə saray şairi idi.

Gəncənin mühüm geosiyasi mövqeyi, Azərbaycan xanlıqlarının parçalanması və Rusiya imperiyasının Qafqazda işğalçı siyasətinin güclənməsi fonunda Cavad xan üçün müstəqil siyasət yürütmək getdikcə daha çətin olurdu. Rus ordusunun komandanlığı Gəncəni "İranın şimal əyalətlərinin açarı" hesab edirdi və bu qalanın ələ keçirilməsi Rusiya üçün birinci dərəcəli vəzifə idi.

1804-cü ildə şəhərin iki verstliyində - Quru Qobu adlanan yerdə general Sisyanovun komandanlığı altında rus qoşunları və Gəncə xanının qoşunu arasında həlledici döyüş baş verdi. Bu döyüş Cavad xanın qoşununun Gəncəyə geri çəkilməsi ilə nəticələndi. Şəhərin könüllü təslim edilməsi haqqında dəfələrlə edilən təkliflərə Cavad xandan qəti rədd cavabı alan Sisyanov hücuma keçdi. Amansız döyüşdə Cavad xan və oğlu Hüseynqulu ağa həlak oldu, xanın sağ qalan döyüşçüləri isə təslim oldu. Rus qoşunları tərəfindən ələ keçirildikdən sonra Gəncə xanlığı ləğv edildi və şəhər Yelizavetpol adlandırıldı.

Artıq iki əsrdir Cavad xanın mərdliyi və rəşadəti azərbaycanlıları ruhlandırır. Gəncədə və Bakıda küçələr və parklara Gəncə xanlığının son hökmdarının adı verilib. Cavad xanın bayrağındakı emblem Azərbaycan xalqının məğrurluğunun simvolu kimi müasir Gəncənin gerbi olaraq qəbul olunub.

Kamil Əliyevin ev-muzeyi

Kamil Əliyev (1921-2005) xalça rəssamı, Azərbaycanın Xalq Rəssamıdır.

Azərbaycan xalçası rənglərin coşqunluğu, ornamentlərlə zəngin motivləri, süjetlərin qeyri-adi vəhdəti ilə ustaların çox zəhmət tələb edən, bəzən çoxillik əsəridir. Təsadüfi deyil ki, "Azərbaycanda ənənəvi xalça toxuma sənəti" UNESСO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Azərbaycanlı ailəsində xalçaları hər yerdə görmək olar: onları döşəməyə salır, divara asır, cehiz verir, miras kimi buraxır, yubileylərdə hədiyyə edirlər. Qiymətli xalçaları diplomatlara, dövlət başçılarına bağışlayırlar. Rəssam Kamil Əliyev məhz bu cür xalçalar hazırlayırdı. Onun Azərbaycan dekorativ-tətbiqi sənəti ənənələrinə novatorluqda əsas xidməti xalçaçılıq sənətində realistik portret janrının tətbiqidir. O, xalça üzərində görkəmli insanların portretini əks etdirən ilk Azərbaycan rəssamlarındandır.

Kamil Əliyev 1921-ci ildə İrəvanda, Azərbaycanın keçmiş İrəvan xanlığının mərkəzində anadan olub. Gələcək rəssam 11 yaşında valideynləri ilə Bakıya köçüb. Kamil Əliyevin ev-muzeyi Bakıda, İçərişəhərdə dördmərtəbəli daş binada yerləşir. Rəssam 83 yaşında burada vəfat edib.

Ev-muzeyində 127 müəllif xalçası, o cümlədən yarımçıq qalmış işlərlə tanış olmaq olar. Birinci mərtəbədə ustanın həyatda olduğu illərdəki kimi saxlanılan boyaqçı sexi var. İkinci mərtəbədə ustanın və köməkçilərinin işlədiyi xalça sexi və dəzgahlarla tanış olmaq olar. Üçüncü mərtəbə isə bütünlükdə xalça ekspozisiyaları üçün ayrılıb. Muzeydə, həmçinin Kamil Əliyevin Bakı Zərgərlik Zavodunun direktoru olduğu illərdə verdiyi eskizlər əsasında hazırlanmış zərgərlik məmulatları da sərgilənir.

Vaqif Mustafazadənin ev-muzeyi

Görkəmli Azərbaycan caz bəstəkarı və ifaçısı Vaqif Mustafazadənin ev-muzeyi 1989-cu ildə yaradılıb. 1994-cü ildə muzeyə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı statusu verilib.

Vaqif Mustafazadə bənzərsiz yaradıcılığı, virtuoz texnikası, özünəməxsus ifa tərzi ilə dinləyiciləri valeh edirdi. O, ilk dəfə cazda Azərbaycan koloritindən, muğamdan istifadə edib və Azərbaycan cazının banilərindən birinə çevrilib. Vaqif Mustafazadə simfonik və kamera musiqisi də bəstələyib.

Muzeydə olan 1214 eksponat 3 otaqda sərgilənir. Ekspozisiyada Vaqif Mustafazadəyə aid fotoşəkillər, afişalar, qrammofon valları, müxtəlif sənədlər, incəsənət əsərləri, məişət əşyaları və digər eksponatlar yer alıb.

Vaqif Mustafazadənin anası Zivər Əliyeva 1989-1997-ci illərdə muzeyə rəhbərlik edib. Hazırda muzeyin direktoru musiqiçinin yaxın qohumu Afaq Əliyevadır. O, həmçinin Vaqif Mustafazadə adına Xeyriyyə fondunun təsisçisi və rəhbəridir.

Qeyd etmək lazımdır ki, Vaqif Mustafazadənin musiqisi bu gün də sevilir, tez-tez radioda səslənir, disklərə yazılır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *