22,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Azərbaycanlı aktyordan ETİRAF: "Yaraşıqlı olmağım ailəmə söz-söhbətlər saldı" - FOTO


Azərbaycanlı aktyordan ETİRAF: "Yaraşıqlı olmağım ailəmə söz-söhbətlər saldı" - FOTO

05.01.2018 21:27
admin

Əməkdar artist Əhməd Salahovun Milli.Az-a müsahibəsi.

- Əhməd müəllim, ilk öncə sizi salamlayıram. Uzun zamandır ki, heç bir yerdə görünmürsünüz. Niyə mətbuatdan uzaq düşmüsünüz?

- Mətbuadan uzaq düşməyimin səbəbi vaxtla əlaqədardır. Çağırılan yerdən qalmıram, amma verilişlər arasında seçim edirəm.

- Hazırkı fəaliyyətiniz nədən ibarətdir?

- Hal-hazırda Bakı Bələdiyyə Teatrında çalışıram. Teatrın repertuarında olan bir neçə tamaşada varam. Bu günlərdə yeni bir tamaşamızın təqdimatı da oldu. Bu zaman ərzində seriallarda da çəkildim, amma hələ ki, teatrda məşğulam. Onu da deyim ki, Bakı Bələdiyyə Teatrına ilk gələn aktyor mən olmuşam. Artıq 25 ildir ki, həmin teatrda çalışıram. Bizim teatrda qayda-qanun, böyüklərə hörmət var. Mən bu teatrda gənclərə çox asanlıqla nəyisə məsləhət görürəm, özüm də yaşca böyük həmkarlarımdan hələ də məsləhət alıram.

- Amaliya xanımla çalışmaq, onun kaprizlərinə göz yummaq məncə o qədər də asan deyil.

- Əlbəttə ki, tamaşaya ilk məhz Amaliya xanım baxır. O bəyənsə premyera olur. Yaşından asılı olmayaraq o bizə irad və təkliflərini də bildirir. Çox hallarda heç tamaşanı bəyənmir də. Bu da təbii ki, bizim xeyrimizədir.

- Söhbətə başlayanda dediniz ki, çəkilişlərim yoxdur. Dəvət gəlir siz qəbul etmirsiniz, yoxsa?

- Xeyr, mən kaprizli aktyor deyiləm. Dəvət gələndə heç nəyə baxmayıb böyük məmnuniyyətlə gedirəm. Özləri də bilirlər ki, nəyə çəkilsəm daha maraqlı alınar. Ona görə də bilib məni dəvət edirlər. Qonorarda da razılaşma olur, ayaqlaşırıq.

- İllər öncəyə nəzər salsaq, bir neçə filmlə tarixə düşmüsünüz.

- O vaxtın işləri, çəkilişləri üçün həqiqətən darıxmışam. Studiyalar az da olsa, çəkilişlər çox idi, aktyor boş qalmırdı. Çox heyf. İllər bir anın içində necə də tez ötüb keçir...

- Keçmişinizdən heyfslənirsiniz?

- Əlbəttə ki, heyfslənirəm. Bizim kinostudiyamızda çox maraqlı filmlər var idi. İlk dəfə debütüm "Nizami" filmində olub. 36 il bundan əvvəl bu filmə çəkilmişəm. Bu filmə məni Moskvada təsdiqləmişdilər. Təəssüfləndiyim anlar çox olub. Mən cavan idim, 17 yaşım var idi. Vaxtilə Azərbaycanın ən şöhrətli aktyorları ilə filmlərə çəkilmişəm. Heyf ki, indi onlar həyatda yoxdur. Mənim cavanlıq illərimə ağır illərə düşdü. Universitetə daxil olan kimi hərbi xidmətə getdim. Nə olursa-olsun getməli idim. O vaxtı Moskvadan da 3 seriyalı filmə dəvət gəlmişdi. Əsgərliklə əlaqədar olaraq mən çəkilə bilmədim. Ümumi 25 filmdə çəkilmişəm. 1990-cu illərdə isə 10 il müddətinə çəkilmədik, çünki ölkəmiz ağır günlər yaşayırdı.

- Danışığınızdan belə başa düşdüm ki, filmdə çəkilmək üçün "acımısız". Müasir dövrdə hansı rolların həsrəti ilə yaşayırsınız?

- Mən çox istərdim ki, bizim kinostudiya işləsin, dövlət filmlərimiz çox çəkilsin. Kommersiya filmləri pul qazandıran filmlərdir, amma bunlar tarixdə qalmır. Yaxşı olar ki, hansısa əsərdən götürüb film çəksinlər. O qədər olub, söz veriblər ki, səni çəkəcəyik, amma sonra həmin rolda başqa bir aktyoru görmüşəm. Bundan da sarsıntı keçirmişəm.

- Aktyor olmağınıza görə peşmansınız?

- Xeyr, peşman o zaman olardım ki, heç fəaliyyətim olmasın. Çəkiliş yoxdur, yoxdur da, heç olmasa teatrda çalışıram.

- Çəkiliş olmayanda bəs necə dolanırsınız?

- Bəzən görürsən ki, dublyaja gedirik. İndi o da azalıb. Dublyajda da vəziyyət əvvəllər çox yaxşı idi, indi o da düşüb. Aktyorun sosial vəziyyəti həqiqətən də ürəkaçan deyil.

- Gənc aktyorlara tövsiyəniz nə ola bilər?

- Gəncliklərinin qədrini bilsinlər. Sənətə gələndə götür -qoy etsinlər.

- Siz gəncliyinizin qədrini bilmisiniz?

- Xeyr, heç bilmədik ki, vaxt nə vaxt gəldi, nə vaxt keçdi! Yaraşıqlı oğlan idim, o qədər sevgi məktubları alırdım ki... "Sən həmişə mənimləsən" televiziya tamaşası mənim başıma oyun açdı. Mənə böyük yaxşılıq etdisə, böyük də pislik edib. Ən sevdiyim rolumdur, amma mənə çox ziyan gətirib. Ailəmdə söz-söhbətlər salıb, evimə mane olub.

Əli Rəhimoğlu

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *