8,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Azərbaycanlı aktyor: "Siz ona sual verin ki, xalq artisti niyə 500 manata filmə çəkilir?"


Azərbaycanlı aktyor: "Siz ona sual verin ki, xalq artisti niyə 500 manata filmə çəkilir?"

09.11.2017 20:22
admin

O, Azərbaycan aktyorlarına xas olmayan fərqli xarizması, geyim tərzi və sırğası ilə seçilir. Ölkəmizi dünya kinematoqrafiyasında təmsil edən biridir. Üzündəki zəhmi içindəki mərhəmətlə paradoksal bir görüntü təşkil etsə də, o, başqalarından fərqlənir. Həm də bu zəhmin arxasında çox böyük bir fədakarlıq gizlənir. Sırf anasının istəyinə görə sevmədiyi bir peşəyə yiyələnib, onu sevindirən, daha sonra arzularına doğru qaçan gənc, amma uğurlu bir aktyor...

Milli.Az hüquqşünas, rejissor və aktyor Kamran Ağabalayedin publika.az-a müsahibəsini təqdim edir.

- Özünüzü necə hiss edirsiniz?
- Yaxşı, amma yorğun. Son vaxtlar "Tayson" filminin 5 gecə ard-arda baş tutan çəkilişlərində, habelə reklam filmində iştirak etmişəm. Eyni zamanda "Adami" Media Mükafatlarının buradakı təşəbbüskarlarından biri də mənəm. "Yarat"da iki gün ərzində o layihə baş tutdu. Çox yorğunam, ancaq bu, rahat yorğunluqdur.
- Bir az sizi tanıyaq...
- Aktyor olmağa çalışan biri...
- Hüquqşünas olmusunuz...
- Bəli, Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinə daxil olub, sonradan ixtisasımı dəyişib hüquqşünaslığa keçmişəm. On beş gün Nizami Rayon Məhkəməsində çalışdım. Anamın istəyi o idi ki, mən hüquqşünas olum. İndiyədək fəxr edirəm ki, anam yanımda olanda onun heç bir sözündən çıxmamışam. Atamı 1982-ci ildə itirmişəm, odur ki, ən yaxın dostum anam olub. Anam dünyasını dəyişdikdən sonra düşündüm ki, öz arzularımın arxasınca getmək olar...

- Hüquqşünaslıqdan aktyorluğa keçid sanki bir az sərt olub...
- Bu günlərdə serialda arxa fondan keçənlər də özünə aktyor deyir. Yox, hələ ki aktyor deyiləm, olmağa çalışıram.
- Belə deyirsiniz, ancaq Amerika, Rusiya, Belarus, habelə Türkiyədə filmlərə çəkilmisiniz...
- Türkiyədə bir seriala, beş filmə çəkilmişəm. Belarusda bir filmdə baş rolda oynamışam.
- Sonuncu "Kardeşim benim 2" filminə təklif kimdən gəldi?
- Təklif menecerim Mehmet İnci tərəfindən gəldi. Birinci "Kardeşim benim 2" olduğu deyilməmişdi. Sadəcə mətni göndərdilər ki, polis obrazıdır. Həm gürcü, həm də türk dilini sərbəst bilməlidir. Dilləri çox rahat öyrəndiyim üçün razılaşdım. Dedim ki, gürcü dilində mətni göndərin, alınarsa, çəkilərəm. İki gün sonra rejissor mənimlə əlaqə saxladı və təsdiq olundum. Dörd gün sonra xəbərim oldu ki, film "Kardeşim benim 2"dir. Yeddi gün Çanaqqalada çəkilişim oldu. Gürcüstan və Rize sərhədinə çox oxşar olduğu üçün məkan olaraq Çanaqqalanı seçmişdilər.
- Oradakı ulduzların buradakılarla fərqi nədir?
- Orada bir komandada olan aktyorlarla çox əlaqə qurmaq olmur. Hərənin öz qrimvageni (aktyorların qrimlənməsi üçün nəzərdə tutulmuş xüsusi avtomobil) var. Çəkilişlər ağır keçir, hamısı da gecə çəkilişləridir. On dəqiqə vaxtın varsa, çəkilib qrimvagenində dincəlirsən. Televizorun "Play Station"ın, hər şəraitin var. Əsas hamı texniki heyətlə dostluq edir, gülüb, danışırlar.

- Burak Özçivit və Murat Boz necə?
- Orada hamı bir-birinə kömək edir. "Mənəm-mənəm" deyən yoxdur. Bir də görürdüm Burak kiməsə su gətirir, Murat Boz gedib dondurma alır. Normal bir şeydir. Aktyor olmadan öncə insan olmağı bacarırsansa, gerisi asandır.
- Fərqli stiliniz, üz quruluşunuz var. Məncə, filmlərə dəvət almağınızda aktyorluq qabiliyyətinizdən əlavə simanız da böyük rol oynayır...
- Bunu Riçard Gir deyib, icazə verin mən də deyim. Sadəcə olaraq şansım var. Özümü yaxşı yox, şanslı aktyor hesab edirəm. Oxumağa can atıram. Rusiyada, İranda, Türkiyədə master-klasslarda iştirak edirəm. İndi də sağ olsun "Cinemazadeh" və "Cinema plus" şirkəti məni İranda master-klasslara göndərir. Orada imtahanı keçmişdim, sadəcə olaraq ödənişli əsaslarla idi. Ödənişi bu şirkətlər öz üzərinə götürdü. "Tayson" filminin çəkilişləri bitsin, oxumağa gedəcəm. Hər zaman oxumağın tərəfdarıyam. Sənətimiz elədir ki, 90 yaşında da oxumalısan, qabın boş olmamalıdır. O ki, qaldı üz quruluşuna, bu Allahın verdiyi hədiyyədir. İstifadə etməyə çalışıram.
- Bir çox filmlərdə ikinci rejissor olaraq çalışmısınız. Özünüzdə rejissorluğu, yoxsa aktyorluğu daha çox görürsünüz?
- Ümumiyyətlə, rejissorluq çox çətin peşədir. Boş yerə demirlər ki, rejissor "set"in Tanrısıdır. Sadəcə olaraq özümü çəkilişlərdə aktyor olaraq görməyi sevirəm. Özümü orada suda balıq kimi hiss edirəm. Mənim üçün çox rahatdır. Hazırda da "Tayson" filminin ikinci rejissoruyam. Planı elə qururam ki, çəkiliş günlərimdə yalnız öz obrazıma köklənim. Çəkiləcəyim günlərdə heç kimlə danışmağı sevmirəm. Artıq enerjimi başqa yerə xərcləmək istəmirəm. Çünki işimiz bilavasitə enerjidən asılıdır.

- Deyirsiniz ki, enerji mütləq yerində olmalıdır. Bəs sizə mənfi enerji ötürən biriylə eyni çəkilişdə olanda onu sevmədiyinizi hiss etdirirsiniz?
- "Üçüncü günün adamı" filminə qədər hər zaman hiss etdirməyə çalışırdım. Filmi yox, özümü düşünürdüm. Özümü daha ön plana atırdım. Bu, İranda da, Rusiyada da başıma gəlib. Hiss edirəm ki, adam məni sevmir, oyunla çalışıram ki, o adam itsin, batsın. Üz quruluşum buna imkan verir. Kinematoqrafiyada elə qanunlar var ki, bundan istifadə etməklə, yanındakını asanlıqla yox edə bilərsən.
- Orada nə oldu ki?
- Bir çox epizodlar oldu ki, qarşımdakını üstələməyə çalışırdım. Babək bir neçə metodla məni bu hisslərdən azad etdi. Yəni, hamımızın filmə qulluq etməyimizi göstərdi. Dedi ki, ilk baxışdan özünü qarşıya atma. Bunun adı lənsədir. Fransada bu barədə dərs keçirlər ki, qarşındakını yox etmək istəyirsənsə, bunun yolları var.
- "Üçüncü günün adamı"nda sizə mənfi enerji verən insanlar kim idi?
- Rasim Cəfər, Hikmət Rəhimovu deyirsinizsə, onlar da dostlarımdır. Üçümüz bir yerdə qalırdıq. Sadəcə elə olur ki, aktyorlar setə hazırlıqsız gəlir. Setdə ssenarini oxuyub, nəsə etməyə çalışırlar. Baxırsan ki, sadəcə özünü aldadır. "O, özünü aldadırsa, mən niyə onun üzərinə getməyim?" deyə düşünürdüm. Amma anladım ki, bu, düzgün deyil.

- Bildiyim qədərilə kastinqlərdə çox iştirak edirsiniz...
- "Eşkıya dünyaya hükümdar olmaz"da son iki nəfərlə qalmışam, keçməmişəm. "Kara Sevda"da Kaan Urqancıoğluyla ikimiz "Emir" obrazı üçün seçilmişdik. O, turu keçdi, mən qaldım. Yaxşı ki, elə o, seçilib. Mən o qədər sevilə bilməzdim. Burakdan çox Kaan sevildi.
- Bəs bizdə niyə seriallara çəkilmirsiniz?
- Mən sizin zövqünüzə inanıram. Hansı serialı deyə bilərsiniz ki, orada oynamıram?
- Bizim seriallardan heç birinə baxmıram...
- Baxın, özünüz cavab verdiniz (gülür). Niyə gedim? Uşaqlara baxıram, məcbur gedirlər. Yeddi ildə hələ Azərbaycanda heç bir serialda oynamamışam. Yalnız Belarusda çəkilmiş "Döngələr" bədii televiziya filmi, biri də "Qanun naminə" serialında rol almışam. 1943-cü ildən - qanuni oğrulardan danışılan bir ekran işi idi. Hələ ki oynamağı düşününmürəm, heç azərbaycanlı serial rejissorları da məni düşünmürlər (gülür).

- Vikipedianızda treyleri ilə çox böyük səs gətirən gerçək həyat hekayəsi "Ayla" filmində çəkiləcəyiniz barədə məlumat yer alıb...
- "Ayla" filmində pul barədə razılığa gələ bilmədik. İlk dəfə Türkiyədə çəkiləndə kiçik qonorarla razılaşırdım. Ancaq sən öz qədrini bilmədinsə, başqaları da bilməyəcək. Türkiyə böyük bazardır. Orada itib-batdınsa, heç kim səni ciddiyə almayacaq. Bilsələr ki, bu filmdə az qonorara çəkilmişəm. Digərləri də ondan artıq verməyəcək. Pula da razı olardım bəlkə də, amma oynadığım obrazın yükü yox idi. Artıq personaj idi. Hazırda eyni şirkətin "Tolqa bey" adlı filmində iki baş roldan birini canlandıracam. Rejissorlardan menecerlərim vasitəsilə təkliflər gəlir.
- Azərbaycanda menecerlə işləyən tək aktyorlardansınız...
- Avropada, Rusiyada və Türkiyədə menecerlərim var.
- Sizi rejissorlara təklif edirlər?
- Aldığım qonorarın müəyyən faizi menecerimindir deyə, normal olaraq məni təklif edirlər.

- Filmdə oynayacağınız obraza görə maksimum nə qədər fiziki dəyişikliyə gedə bilərsiniz?
- Əgər ehtiyac varsa, hər bir dəyişikliyə hazıram. Filmə qulluq edirsə, niyə də yox? Gələn yay çox böyük bir rejissorun filminə görə 40 kilo arıqlayacam. Bu dünya praktikasında da var. Biz də rahat şəkildə onu edə bilərik.
- Çox ciddi məbləğ qarşılığında açıq-saçıq səhnələri olan bir filmdə gey obrazı canlandırarsınız?
- Ciddi məbləğlə əlaqəsi yoxdur. Əgər yeni bir şey ortaya çıxara biləcəksənsə, niyə olmasın ki? Elə filmlər olub ki, sırf xarakterə görə pulsuz çəkilmişəm. Düzdür, bu gün mediada oxuyuruq ki, filan pul miqdarında açıq-saçıq səhnələrə çəkilərdim. Bu, özünü satmaq deməkdir. Sən aktyorsan, xarakterin yükünü bilib, bunu etməlisən. Sən yeni bir şey doğursan, bunu heç bir məbləğ əvəz edə bilməz. Filan məbləğə görə soyunardınsa, səninlə fahişə arasında nə fərq var? Sən soyunanda nələr dəyişə bilər? Filmə hansı qatqın ola bilər? Pul müqabilində özümü satmaram. Gərəkdirsə, saçımın rəngindən tutmuş hər şeyə qədər dəyişib gey obrazı canlandıraram.
- İndiki filmlərdə çatışmayan şeylər nələrdir?
- Kommersiya filmlərində hələ ki komediyalara daha çox baxılır. "Mələyin öpüşü" mənim üçün maraqlı oldu. Bizdə də eyni Türkiyədəki kimi komediya filmlərindən başladılar və dram filmləri onları tam başqa yerə götürdü. İndi də qorxu filmləri çəkilir. Bir ildən sonra Azərbaycanda dram filmləri daha çox olacaq. Lakin baxın bir filmə görə ən az 300 nəfər evinə maaş aparır. Çəkilən filmlərimiz də festivallarda iştirak edir və dünya buranı kino ölkəsi kimi tanımağa başlayır.
- Kann kinofestivalında da sizin rejissoru olduğunuz hansısa film var idi...
- Bəli, ikinci rejissoru olduğum "Sonuncu" ilk Azərbaycan filmi oldu ki, Kann festivalının əsas proqramında idi. İşlər görünür, bizdə gözəl filmlər var. Sadəcə insanlar maraqlanmırlar.

- Filmlər var. Ancaq elə aktyor var ki, hər filmdə görə bilirik, eyni zamanda diqqətdən kənarda qalanlar da çoxdur. Sizə görə paslanmış və köhnəlmiş aktyorlar kimlərdir?
- Aktyorların çoxu öz üzərində işləmir. Sosial şəbəkələr gündəlik həyatımıza çevrilib. Maşallah, baxırsan hamısının qarnı var. Düzdür, biz qafqazlıyıq, yeyib-içməyi sevən millətik. Amma bu, sənin peşəndir, hər zaman formada olmalısan. Mənim üçün formada olmayan aktyor paslanmış, köhnəlmiş aktyordur. Ümumiyyətlə, aktyor deyil. Formada deyilsənsə, get, başqa sənətin qulpundan yapış.
- Teatrlarda rol almaq fikriniz var?
- Yox, səhnədə olmağa qorxaram. Kamera önündə nə qədər sərbəstəmsə, səhnədə də bir o qədər qorxağam.
- Marsel Prust deyir ki, insan ən çox qaçdığı şeydən xilas ola bilmir. Sizin qaçıb xilas ola bilmədiyiniz şey nədir?
- Ailəm, dostlarım, mənə dəyər verən bu sahədən olmayan çevrəm var. Düzdür, aktyorların sevimlisi deyiləm, məni sevmirlər. Haradasa bunun səbəbini başa düşürəm. Amma heç bir şeydən qaçmıram. Tamamilə azad ruhlu insanam. Sayanın quluyam, saymayanın ağası.
- Ailə demişkən. Sosial şəbəkədə mehriban ailə tablosu var. Bəs evdə necə, Kamran Ağabalayev zəhmlidirmi?
- Ən yaxın dostlarımdan biri böyük oğlumdur. Bu yaxınlarda dostluğum pozulacaq. Qiymətləri xoşuma gəlmir. Düzdür, tam azadlıq vermişəm ona, operator olmaq istəyir. Lakin bu, o demək deyil ki, dərslərini pis oxumalıdır.

- Bəs onlara hansı qadağaları qoyursunuz?
- Birinin 12 yaşı, digərinin 8 yaşı var. Onların ən çox qorxduqları şey güvənimi itirmələridir. Ola bilər zəhmli görsənirəm, ancaq indiyədək övladlarımın üstünə səs belə qaldırmamışam. Gördüyünüz fotolarda necəyiksə, realda da eləyik. Yaxşı aktyor həyatda oynamağı bacarmır. Bəziləri bacarır, görürəm. Ancaq kamera qarşısına keçəndə bu, onlarda alınmır. Heç kimin bostanına daş atmıram, gördüyümü deyirəm.

- Bu yaxınlarda bir ağsaqqal statusu da yazmışdınız...

- Sonradan fikirləşdim ki, adı ağsaqqaldır, sildim. Bir aktyor qocaldıqca, hiss edir ki, o, artıq lazımlı deyil. O zaman bütün bostanlara daş atmağa başlayır. Elə formada qalmaq lazımdır ki, həmişə başın özünə qarışsın. Hamı gözləyir ki, gəlib, qapını döyüb onu filmlərə çağırsınlar. Mən Türkiyədə filmlərə çəkilməmişdən öncə yüzlərlə qapı döymüşəm. Kastinqlərə qatılmışam. O, obraza uyğun olmasam da, fikirləşmişəm ki, rejissorun beynində yer edim, gələcəkdə başqa filmlərə çağırsın. Bu "Tolqa bey" filminə də dəvəti elə almışam.
- Bizim aktyorların Türkiyə bazarına girməsi çətindir. Bu, menecerin olmaması ilə bağlıdır?
- Menecer baxır ki, sən nəyə qadirsən, neçə metodika ilə işləyirsən. Son kastinqlərdə İran aktyorlarına məğlub olmuşam. Onlar da "non-aktinq" metodu ilə işləyirlər.

- Azərbaycanda aldığınız ən çox qonorar nə qədər olub?
- 10 min manatdan çox olub. "Həddən artıq uyğunluq" filmində Amerikadakı çəkilişlərimizdə qonorardan əlavə Mədəniyyət və Turizm Nazirliyi bizə gündəlik cib xərcliyi üçün 500 dollar pul verirdi. Hamı şikayət edir. Ancaq hər şey göründüyü kimi deyil. On ildir filmlərə çəkilməyən adam çıxıb qonorarın azlığından danışır.
- Bu yaxınlarda Xalq artisti Arif Quliyevə hansısa filmdə 500 manat qonorar vermişdilər, çıxıb sevinə-sevinə bunu qeyd edirdi. Bəlkə də, mən düzgün yanaşmıram. Ancaq xalq artistinə niyə 500 manat qonorar verilsin ki? Xüsusilə, bu kommersiya filmidirsə...
- Siz ona sual verin ki, xalq artisti niyə 500 manata filmə çəkilir?
- Ola bilər əlacsızlıqdan...
- Xalq artisti niyə əlacsız olsun ki? Prezident təqaüdü alır, dərs deyir, məclislərə gedir. Niyə başqaları razıdırlar? Heç bir ölkədə dövlət artistinə pul ödəmir. Bizdə ev verirlər, aylıq təqaüd verirlər. Amma yenə də bizim aktyorlar narazıdırlar, halbuki, heç bir ölkənin aktyorlarından da irəlidə deyillər...

- Bu da özünü inkişaf etdirməməkdən irəli gəlir?
- Bəli, Entoni Hopkins Xalq artisti deyil, hazırda dünyada tanınır. Adam simfoniyalar yazır, dünyada məşhurlaşıb. Hansı Xalq artistimiz simfoniya yazır? Hamısı gözləyir "ver yeyim, ört, yatım, gözlə, canım çıxmasın". Aktyorlarımızın əksəriyyəti öz üzərində işləməyi sevmir. Filmə çəkirlərsə, deyirlər ki, yaxşıyam. Bəs sonra?
- Dediniz ki, hələ də öyrənirəm. Gənclərə nələri aşılamaq istəyirsəniz?
- Eqoistəm, bunu heç kimə aşılamaq istəmirəm. Özüm əziyyət çəkib, öyrəndiyim şeyi niyə kiməsə aşılayım? Onu zülümlə öyrənmişəm. Günə 10 ölkədə master-klass var. Onun da səkkizi pulsuzdur. Məktublaşanda təyyarə biletini də alırlar. Bundan artıq nə istəyirlər, gedib öyrənsinlər. Mixalkovu, Zanussini ustad dərslərinə gətirdilər. Kimlər var idi? Gəlmədilər. Niyə mən öyrətməliyəm? Amma özüm Laləzar Mustafayeva, Rasim Cəfər, Rüfət Həsənovdan və başqa şəxslərdən məsləhət alıram. Bəyəndiyim gənclər var: Beyrək Rüstəmzadə, Rəfael Şahbəyli. Bacardığım qədər kömək etməyə çalışıram, görürəm ki, istəyirlər...
- Hansı aktrisa ilə çəkilmək istəyərsiniz?
- Azərbaycandan Gülzar xanım, Mehriban Zəki ilə oynamaq istəyərəm. Hollivuddan isə Hillari Sonq var. Yeri gəlmişkən, Emma Vatsonla baş rol oynamaq şansım olub. Ancaq tanınmış olmadığıma görə Emma təklifi qəbul etməmişdi. İkimizdə baş rol canlandıracaqdıq.
- Bəs müğənnilərdən?
- Röya ilə proyektimiz ola bilər. Düşünürük. İnanıram ki, mahnılara qoyduğu qəlbi filmlərə də qoyacaq. Məşqlərdən sonra filmdə də bu alınacaq. Murad Arif mənim üçün maraqlıdır. Kinoda onu görə bilərəm. O, Flipp Hofmanın xarakterləri çapında bir obrazı canlandıra bilər. Xəyyam Nisanov da maraqlı tipajdır. Bir də Cabir İmanovu dram obrazında görmək istəyərəm. Öhdəsindən məharətlə gələcəyinə inanıram.

- Nədən utanırsınız?
- Utanıramsa, deməli, peşmanam. Mənim də heç bir şeydən peşmançılıq hissim yoxdur.
- Dediniz ki, ananıza görə hüququ oxudunuz. Çətin olmadı?
- Heç bir çətinliyim olmadı. Anamın sevinməyi mənə bəs idi.
- Hiss elətdirmirdiniz ki, siz bu sənəti sevmirsiniz?
- Heç bir halda hiss etdirməmişəm. İndi anam sağ olsaydı, mən hələ də hüquqşünas işləyəcəkdim.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *