23,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,29 AZN

описание


» » Sevənləri aldatmayın...


Sevənləri aldatmayın...

13.06.2017 00:00
admin
İstedadlı qələm dostumuz Mükafat Abbasov az yazan qələm sahibərindən biridir. Özünü heç zaman yazıçı, şair və publisist kimi reklam etməmişdir. Mükafat bəy ixtisasca riyaziyyatçı olsa da, ədəbiyyat və mədəniyyət sahəsini bu yöndə təhsil alanlardan qat-qat peşəkar səviyyədə bilən və dəyərləndirən ziyalılarımızdan biridir. O, həm də çox istedadlı tar ifaçısıdır. Bütün muğamlarımızı incəliyinə qədər bilir. Respublikamızın son 30-40 ildə yaşamış elə bir xanəndəsi, istedadlı musiuqiçisi yoxdur ki, Mükafat bəy onlarla təmasda olmasın. Demək olar ki, zəmanəmizin bütün müqtədir sənətkarlarının onunla haqq-salamları olub.

Bütün bunlar Mükafat bəyin mədəniyyətimizn keşiyində duran, onu inkişaf etdirən ustad sənətkarlarla daim təmasda olması sayəsində həyatın gerçəkliyidir. Onun doğulub boya-başa çatdığı Cəlilabad rayonunun Əliqasımlı kəndi Azərbaycanın ağır taxtalı məkanlarından biri sayılır. Burada insan anadan olandan və böyüyüb boya-başa çatandan sonra, hansı peşənin sahibi olmasına baxmayaraq, incə və zərif qəlbli, şair təbiətli olmaya bilmir. Mükafat Abbasov uzun illərdir bu duyğularla əsl azərbaycanlı ziyalısı kimi yaşayan bir şəxsiyyətdir. Demək olar ki, onu respublikanın sayılıb seçilən teatr, musiqi, ədəbiyyat, rəssamlıq və incəsənətin bütün sahələri üzrə tanınmış sənətkarlar yaxından tanıyırlar. Mükafat bəy mükalimələri sevən bir insandır. Sənət və sənətkarın nə demək olduğunu, qədir-qiymətini peşəkarcasına dəyərləndirməyi çox yaxşı bacarır. Təbii ki, bütün bunlar uzun illərin dərin mütaliəsi, sənətlə bağlı əldə etdiyi bilikləri sayəsində əldə olunub.
Mükafat Abbasovun “Sevənləri unutmayın” kitabını oxuduqca həyatın hər üzü istər-itəməz oxucunun gözündə bir tablo kimi canlanır. Kitabda dərc olunan “Sevənləri aldatmayın” kinossenarisi bugünkü həyatımızın sosial-psixioloji, mənəvi-ictimai suallarının gerçək aynasıdır. Əsərdə keçmiş sosial quruluşun və yeni həyat düzəninin tən ortasında qalmış bir ailənin dramı çox incə bir şəkildə qələmə alınmışdır. Əsərin qəhrəmanı Tahir yaradıcı bir insan olsa da, çoxlarının ailəsində olduğu kimi, yeni mühitə uyğunlaşmaq sindromu yaşanılır. Biz deyərdik ki, bu kinossenaridə təsvir olunan hər məqamın özü ayrıca bir həyat pritçasıdır. Çünki əsərdə bir ailənin obrazlarında təsvir olunan xarakterlər əslində bu günkü azərbaycanlı ailəsinin taleyinin simvolu deməkdir. İstər yeni nəslin həyata olan baxışları və zamanın ritmləri, istərsə də “köhnə nəsl”in nümayəndəsi kimi Tahir və Sevgiyyənin xarakterləri nə qədər fərqli olsalar da, müəllif burada zərif şəkildə bugünkü nəsillər arasında bağlantıların qorunub saxlanılmasının tablosunu əsl peşəkarlıqla yarada bildirmişdir. Əslində belə bir üslubda mövzuya yanaşmaq həm də müəllifin zəngin həyat təcrübəsindən və dərin müşahidələrindən irəli gələn ideyalar toplusudur. Çünki istənilən bədii əsər cəmiyyət üçün mənəvi qida olmaqla yanaşı, həm də necə yaşamağın kredosuna çevrilməlidir.
“Sevənləri aldatmayın” kitabında müəllifin “Yarımçıq istirahət” və “Göz dağı” povestləri, “Son görüş” hekayəsi olduqca təsirli məqamlarla doludur. Onkoloji xəstəxanada yatan ananın oğlu ilə, sanatoriyada hər şeyin yarımçıq qalması və həyatın astar üzünün dəhşət saçan olaylarını müəllif neorealist üslubda canlandırmışdır. Heç bir boya-lirik məziyyətlər vurmadan günümüzün həyat ritminin bədiiləşdirilmiş tablosudur hekayələr.
Mükafat Abbasov bir ziyalı kimi bəzən həyatda heç bir məntiqi olmayan insanların meşşancasına milli kimliyimizə, dəyərlərimizə, adət-ənənələrimizə vurduqları zərərləri çəkinmədən məqalələrində canlandırır. Hətta həmin məqalələri dövri mətbuatda çap etdirir. “Sevənləri aldatmayın” kitabından müəllifin “Yolumuz hayanadır?” və “Milli toy həsrətilə” məqalələri buna örnəkdir. Hər iki məqalədə müəllif cəmiyyətdə baş verən vulqarizmə öz etirazını bildirir. Həyatda bu gün baş verən eybəcərliklərin iç üzünü göstərməklə yanaşı, bir ziyalı və vətəndaş kimi bütün bunların nə qədər milli varlığımız üçün zərərli ənənəyə çevrilməsinə etirazlarını bildirir.
“Sevənləri aldatmayın” kitabında müəllifin retro-foto səhifələrinin hər biri sözsüz bədii əsərlərə çevriliblər. Çünki bu fotolara baxdıqca Azərbaycan mədəniyyətinin ən ağır dövrünü öz çiyinlərində daşıyan mədəniyyət xadimlərimizin keçdiyi ömür və sənət yolu gözlərimizdə canlanır. Görkəmli sənətkarlarımız Sabir Mirzəyev, Vasif Adıgözəlov, Nəriman Əzimov və İlham Əsgərov bu gün həyatda olmasalar da, onların sənət yolu və taleyi dostlarının ürəyində və ruhunda əbədi məşəl kimi alovlanır. Mükafat Abbasov ona görə bu fotolara kitabında yer ayırıb ki, bu dahi insanların hər birinin çoxlarına örnək olduğunu bir daha xatırlatmağı özünə mənəvi borc saymışdır. Bu gün bizimlə birlikdə Bakının istənilən məkanında sıradan bir insan kimi yol gedən, milli mədəniyyətimizin ənənələrini çiyinlərində daşıyan xalq artisti və ünlü rejissor Mərahim Fərzəlibəyovun, dramaturq-teatrşünas Çingiz Ələsgərlinin, ömrü boyu ad-sanın ardınca qaçmayan gözəl qəlbli rəssam Nadir Bayrışovun müəlliflə birgə fotolarının kitabda təqdim olunması həm də Mükafat bəyin keçmiş və bu günün sənətkarları ilə daim birlikdə olduğunu sübut edir.
“Sevənləri ayırmayın” kitabına ön sözü qismində ünlü rejissor Mərahim Fərzəlibəyov, sadəcə, dost sözünü yazmamışdır və həm də Mükafat Abbasovun bir ziyalı və qələm sahibi kimi daxili obrazını yaratmışdır. Kitabın redaktoru Çingiz Ələsgərli çox böyük məsuliyyətlə əsərin bədii tutumunu onun ruhuna uyğun şəkildə redaktəsini etmiş, tərtibatçı rəssam Nadir Bayrışov isə peşəkarcasına hər mövzunun bədii ritmi və fotoların yerləşdirilməsi qaydasını tamamlaya bilmişdir. Bir sözlə, uğurlu tandem şəklində ərsəyə gələn “Sevənləri ayırmayın” kitabı artıq oxucuların mühakiməsinə təqdim olunmuşdur.
P.S. Dəyərli dostumuz Mükafat Abbasov həm də zərif şeirlər müəllifidir. Xalq artistləri və görkəmli bəstəkarlarımızdan Nəriman Əzimov və Ramiz Mustafayev onun “Gül nəvəm, sonam mənim”, “Analı dünyam”, “Hünər göstərin”, “Azad olacaq Qarabağ” şeirlərinə mahnılar bəsətələmişlər. Çox istərdik ki, Mükafat bəyin şeirləri ayrıca kitab şəklində dərc olunsun. Çox istərdik ki, Mükafat Abbasov uzun illər yaxından tanıdığı və dostluq etdiyi görkəmli sənətkarlarımızın sənət sirləri barəsində dərin analitik mövzularla dolu araşdırmalarını və incələmələrini yazsın və onu kitab şəklində yeni nəsil üçün ərməğana çevirsin. Bütün bunlara yeni nəslin ehtiyacı var. İnanırıq ki, “Sevənləri aldatmayın” kitabı kimi, onun şeir və digər kitabları oxucular tərəfindən rəğbətlə qarşılanacaq.
Bizdən, sadəcə, dəyərli ziyalımız, yazarımız Mükafat Abbasova yaradıcılıq uğurları diləmək qalır. Qazax türkləri demişkən: “Yolun Ağ Olsun!..” Yəni bəmbəyaz, saf və dupduru bir ömür və yaradıcılıq yolu.

Ənvər Yusifoğlu

Mənbə: tezadlar.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив