17,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Atama nərdivan verməyin


Atama nərdivan verməyin

07.01.2017 21:35
admin

Milli.Az lent.az-a istinadən yazar Hədiyyə Şəfaqətin "Evlər, gilas ağacları və mən" yazsını təqdim edir.
 
Qapını döyürəm. Ya yeddinci mərtəbədir, ya on üçüncü, ya  səkkizinci, ya üçüncü, ya ikinci, ya da on altıncı. Bəlkə də heç mərtəbə yoxdur, amma döydüyüm qapı evimin qapısıdır...
 
Bağımızda ağ gilas ağacı vardı. Dədə-baba sortu, xırda, alyanaq, şipşirin, yetişib ötəndən sonra da altına qurusu tökülərdi... Gözümü açıb bu ağacı belə görmüşdüm, hündür, kölgəli, yoğun gövdəsi mamırlı. Ayaq açıb gəzəndən ona dırmaşmağa başlamışdım. İlk iri budağı yerdən xeyli hündürdəydi. Nərdivanı az qala sürüyə-sürüyə gətirib çatdırırdım altına, söykəyib o ilk budağa qalxırdım. Bir dəfə atam gördü zülmümü, heç nə demədi, gəlib ağac nərdivanı əlimdən qopardı, yüngüllüklə qaldırıb çiyninə qoydu, yüngüllüklə düşürüb gilasın gövdəsinə söykədi, yoxladı ki, ayaq qoyanda ora-bura tərpənib məni yıxmasın, çıxdı getdi... Atam kölgə kimi peyda oldu, kölgə kimi itdi... Bir mən qaldım, bir gilas ağacı, bir də nərdivan...
 
Sonrası asandı, mən gilas ağacında yerdə olduğumdan ürəkliydim, gilas ağacı məni addım-addım tanıyırdı, mən gilas ağacını budaq-budaq tanıyırdım... Ona həmişə bir tərəfdən, saat əqrəblərinin əksi istiqamətiylə, dolama çıxırdım, budaqlarda əl yerim, ayaq yerim dəyişməzdi, hardan tutub hara keçəcəyimi, sonda harda oturub kəndin o biri ucundakı alçaq dağın yaşıllığına baxa-baxa hansı budağın gilaslarını yeyəcəyimi bilirdim...
 
Qapını döyürdüm, açılmırdı... Aşağı, yuxarı boylanmırdım, səssizlik vardı, pilləkənlərə baxdım, səssizlik vardı, içərini dinlədim, səssizlik vardı... Hənirsizlik vardı, ən ağır kimsəsizlik vardı... Çiyinlərim düşdü, məni gözləməliydilər...
 
"Nə olar, atama nərdivan verməyin, noolar, atama nərdivan verməyin də"...  Səkkiz yaşlı qızcığaz neçə gündü evdəkilərə,  gələnə-gedənə, qonşulara "noolar, atama nərdivan verməyin"-deyib dolaşırdı...  Ana qızın yuxularından şübhələnirdi, "bəlkə həkimə aparaq, uzaq olsun, qorxudan ağlı azışar" - deyirdi... Ata susurdu... Üç gün sonra o itdi... Bir həftə axtardılar... Polisə getdilər, uzaq-yaxın qohumlara xəbər saldılar, yoxdu ki, yoxdu...  Bir həftə sonra evə qəribə bir iy dolmağa başladı, əvvəl az-az, sonra nəfəs almayacaq kimi... Kiminsə ağlına gəldi, çıxıb çardağa baxsın, bəlkə yuxarıda pişik, göyərçin ölüb qalıb deyə... Kişi özünü çardağın tirindən asmışdı...
 
Havadan od ələnirdi. Biçilmiş zəminin sap-sarı samanlarının arasında dayanıb bozaran uçuq evə baxırdım. Sonra ona tərəf irəliləməyə başladım, göz işlədikcə zəmi, göz işlədikcə gün işığının altında adamın gözünü qarışdıran, ayaq altda xış-xış xışıldayan  sap-sarı saman. Mənə o evin hekayəsini danışırdı yanımdakı adam. Deyirdi, burda bir kənd varmış, otuz yeddidən sonra  hamını sürgün ediblər, köçürüblər, qırıblar, tutublar, evləri dağıdıb, bağları yandırıb, ağacları kökündən çıxarıb yerində zəmi salıblar. Təkcə bu evə bata bilməyiblər, bu evin kişisini tutub aparıblar, oğlanlarını müharibəyə yollayıblar, iki kiçik qızı elə bu evdəcə acından can verib. Evin qadını gələnlərin qabağına yalın əllə çıxıb, deyib ki, öldürün məni, dağıdın evimi, ya da mən içindəykən od vurun, bir addım da yana atan deyiləm. Xoşluqla söz dinlədə bilməyəndə zora keçiblər, dediyini ediblər, bir tərəfini dağıdıblar - çıxmayıb. Bir gecə oda veriblər - çıxmayıb. Gələnini-gedənini hədələyib ac qoyublar-çıxmayıb. Sonra əl çəkiblər...  Həyət-bacasını düzləyiblər, iki mərtəbəli evinin kandarınacan torpağı şumlayıb buğda səpiblər. Qadın yavaş-yavaş yaxın kəndə köçürülən adamlara, işə-gücə qarışıb, acından ölməyəcəkdi ki, daha dəyib-dolaşmayıblar ona. Aclıq vaxtı həyətində boy verən sünbüllərdən bir dən çıxardıb ağzına qoymayıb, deyib, mənim oğlanlarımın çörəyidir. Qadının nə oğlanları davadan qayıdıb, nə evin kişisi sürgündən. O gedən gediblər... Bir də baxıblar ki, qadının saçları ağarıb, beli bükülüb, qadın qarı olub. Yenə evini qoyub getməyib. Təkbaşına yaşayıb, tək qalan evində. "Öləndə tək deyilmiş, xəstələnəndən bəri yaxın kənddən simsar adamlar gəlib növbəylə baş çəkirdilər, qulluğunu edirdilər, çox da xəstə olmadı, cəmi bir həftə qaldı yataqda" dedi yanımdakı adam. Dərin nəfəs aldım, soruşmağa gücüm çatmayacaqdı. Qarının evi ziyarətgah kimiydi. Uçub-tökülmüş kərpiclərindən tuta-tuta eyvanına, daha doğrusu eyvanının tir xatirələrinə qalxdım...  Olmayan qapının yerindən otağa  boylandım, dörd divar, otağın içi boşluq, ayağımın altı boşluq... Göyə boylandım, yandırıb yaxan günəş parıltısının dərinliyində başımın üstü boşluq... Ovcumun içini divarda qalan lampa yerindəki taxta parçasına dayadım, əyilib yağış suları altında bir tərəfdən əriyib gedən kərpicləri öpdüm.  Yanımdakı adam üzünü yana çevirdi.
 
Dörd uşaqdıq - qocanın gözləri bulanmışdı, əlləri əsirdi, amma xatirələri dip-diriydi - anamız cavan ölmüşdü, atamızı tutub aparmışdılar, analığımız aclıqda bizə baxammayıb qaçıb getmişdi... Kəndimizdə bir kişi vardı, dəyirmançıydı... Davadan qara kağızı gələn kişilərin evini güdürdü, gözləyirdi ki, uşaqları nə zaman acından öləcəklər, qadınlara bir ovuc arpa, buğda, un verirdi, evlərini əllərindən alırdı. Biz təkiydik, qonşular bir tikə çörəyi qorxa-qorxa gətirirdilər, ölmürdük ki, ölmürdük. Bir-birimizə qısılıb yatırdıq, o kişi gəlib həyətdən çağırırdı:
 
- Yetimlər, sağsınız?
 
- Sağıq...
 
Çıxıb gedirdi. Sonra başladı evimizi bir tərəfdən sökməyə, başa düşmürdük ki, bu aclığın, davanın ortasında sahibsiz evlərdən söküb aparıb həyətinə yığdığı kərpici, tiri, kirəmiti neyləyəcək bu kişi. Bizim evi sökməyə biz ölməmişdən başladı, "onsuz da bu gün-sabahlıqsınız" - deyirdi... Amma biz ölmədik, bir yolunu tapıb sağ qaldıq, amma evimizin yarısını daşıyıb aparmışdı dəyirmançı...
 
Balaca təpəcikdi, çəmənliyin ortasında qalaqlanıb dururdu, üstündə iri-iri ağaclar bitmişdi, yaz gələndə yam-yaşıl olurdu, çəpərimizin o tayındakı bu balaca təpəcik mənim meşəmə dönmüşdü, saatlarla yam-yaşıl ağacların arasında oynayırdım...  Bağın məzarlıq sükutu vardı. Yay ağzı bir qoca gəlib çəmənliyin otunu biçir, tayaya vurur, at arabasına yükləyib aparırdı. İki, üç payızdan bir də qaratikan qırıb o at arabasında gətirir, çəpərin çökmüş yerlərinə vururdu...  Gəldiyi vaxtlarda da bir də görürdük təpəciyin üstündə, ağacların arasında, torpağın üstündə yatıb yuxulayıb.  O orda yatanda anam məni qoymurdu ucadan gülüm, ucadan danışım, eyvanımızdakı radionun səsini də alırdı. Ta  qoca gedənə kimi. "O niyə bura gəlir?"-soruşdum bir dəfə, "keçmişdə bu təpənin yerində onun babalarının imarəti olub"-dedi anam...
 
"Bəs bu kişi kimdir?" "Dəyirmançı olub, qocalıb, daha o işə baxmır"...  "Niyə gəlib burda yatır?" "Nə bilim - anamın gözləri yol çəkirdi - yəqin ata-anasının iyini alır".
 
Gəldilər, getdilər, gəldilər, getdilər, evimizin qapısını yağır etdilər, axır ki, bir göz otağının açarını anamdan alıb apardılar. "Ev dağılıb tökülür, pəncərələri, döşəməsi çürüyüb, divarları pis gündədir, onsuz da sən gələndə o otaqda qalammırsan, nəyin qalıb ki, sənin o otaqda?" Atam anama başa saldı ki, gətir ver zəhrimarı, bezmişəm, əl çəksinlər, evinmi yoxdur? Onlar getdilər, onların dalınca iki damcı göz yaşı da düşüb getdi anamın gözündən...
 
"Mən o otaqda niyə qalammırdım ki? Xalçam-palazım vardı, yorğan-döşəyim vardı, qab-qacağım vardı, dolabım, güzgüm vardı, çardağımda çəkilmiş taxtam vardı, hər şeyim vardı, hamısını bir-bir oğurladılar, satdılar, indi deyirlər onsuz da o otaqda qalmırsan" - sakitcə deyirdi, amma mən başımı anamın dizinə qoyub əlləri saçlarımı yuxuya verənədək o otağın nağılını min dəfə dinləmişdim. Təkcə o otağın deyil, otuz yeddidə tutulub gedən, doqquz il sonra sürgündən gəlib ölən babamın, üstünə bəhməz tiyanı aşanda anamı bir ayağından tutub qırağa tullamağı bacaran nənəmin, o hadisədən sonra şikəst qalıb axsayan anamı qışda-yazda evində, bağında bir tikə çörək üçün nökər kimi işlədən zalım əmisinin, qəbul olunub xalq düşməninin qızı kimi qovulduğu institutun, oxuduğu texnikumun, işləməyə başladığı uzaq kəndin,  "sənə bəy babandan qızıl qalıb, ver xərcləyək" - deyən qohumlarının, bir gün onu qaçırıb bir başa Qazaxıstana aparan oğlanın-atamın nağıllarını... Anamın ayağını o evdən, o otaqdan, o yurddan küsdürdülər. Açarı aldılar, ora-burasına bir az əl gəzdirib qonaq otağı elədilər, amma anamın üzünə açmadılar. Sonra pərən-pərən düşdülər. "Nə badə gedəsən, nə badə o qapını açasan, nə badə deyəsən ki, bu mənim anamdan qalma evimdir" -tapşırırdı. Anam evinin qapısını açarı əlindən alınanda itirmişdi...
 
Gilas ağacı qarılamışdı. Boyu kiçilmişdi gilas ağacının. Gilas dərəcəyəm - dedim atama. Atam ot tayasına söykədiyi nərdivana çiynini vermək istəyirdi ki, yetişib əlindən aldım, yox - dedim - özüm aparacağam. Nərdivan yüngülləşmişdi, daha bir ayağı yerdə sürünmürdü, quş kimi qanadlarını açıb çiynimə qonmuşdu. Gilasın gövdəsinə söykədim, eyniylə atam kimi yoxladım, görək o yan-bu yana sürüşüb məni yıxmaz ki? Qalxdım, ayağımı ilk budağa qoydum, sonra ikinci, sonra üçüncü. Yarıda çaşıb qaldım.  Döyükdüm. Əyilib aşağı baxdım, boylanıb yuxarı baxdım, bilmədim niyə yuxarı qalxammıram, qayıdıb da düşmədim.  Ayaqlarımı sallayıb köndələn budaqda oturdum, fikirləşməyə başladım, bəlkə addımımı yanılmışam? Gilas ağacının təpəsinə çıxıb-düşmək Fitnənin öküzü qaldırıb-saldırması kimiydi... Gözüyumulu olmalıydı. Sonra...  Birdən anladım ki, ayağımı qoymağa adət etdiyim, pilləkən basamağı kimi ard-arda düzülən budaqlardan biri yoxdur. Üzüyuxarı ağacın budaqlarına boylandım. Burdan o yanası bağlıydı. Burdan o yanası yoxuydu. Gilas ağacı da evmiş, hər budağı bir qapıymış, iç-içə qırx qapı kimi, biri yoxa çıxınca o biriləri açmaq olmazmış.
 
Anam əvvəl öldü. Sonra atam getdi. Hə, məhz eləydi, anam öldü, atam getdi. İndiyədək belə çox olmuşdu, qadınlar ölmüş, kişilər getmişdilər. İki il qapımızı tapammadım ki, açam, üç nəfərlik ən kiçik ailənin iyini sinəmə çəkəm. Onda anladım ki, adamlar da gilas ağacının budaqları kimidir.
 
Mən o evi görmək istəyirəm - demişdim... Bu, ömrüm boyunca gördüyüm, ziyarətinə getdiyim sonuncu, amma hekayəsini görməzdən əvvəl dinlədiyim ilk evdir. Bəlkə yüz dəfə demişdim, pıçıldamışdım ki, o evi görəcəyəm. May axşamının azca sərin havasında hardansa çiçək ətri gəlib dolmuşdu içimə. Həyətə həyəcanla, bir az da sevinclə keçmişdim. "Mənə çətindir, daha gəlmək istəmirdim" - demişdi dostum. İsrar etmişdim. Lakin evlə üz-üzə qalınca dondum qaldım.  Utandım. Mən nə əlimi o evin  divarına uzada bildim, nə içinə keçib baxa...  Dostum "bax, bura balaca sandığını qoyardı" - dedi... Onun səsi evin qapısını döyən balaca uşaq barmaqları kimiydi, "odunları gətirib bura yığardı, burda balaca artırması vardı". Mən çox peşman olmuşdum. "Burda yatardı ki, pəncərənin qabağında, gələni-gedəni görə bilsin". Hekayə həmən-həmən eyniydi - qadın qalmışdı, kişilər getmişdi. Sonra qadın ölmüşdü.
 
O evlərdən heç birinin məndə şəkli yoxdur.
 
Mən əlimə karandaş götürüb o evlərdən hər birinin rəsmini çəkə bilərəm.
 
Gecə qaranlığında, azca duyulan su səsində, kiçik masanın ətrafında oturub susmuşduq. Bura mənim xoşuma gəlirdi, havası, yaşıllığı, səssizliyi, üstəlik həyətdəki ağ qızılgüllər... Bizimlə bərabər iki kiçik qızcığaz... Süfrəçi masamıza ağappaq süfrə açdı, ağappaq boşqablar düzdü... Sonra qızcığazlardan biri nağıl anlatmağa başladı, heç yerdən eşitmədiyi, heç yerdən oxumadığı, bir anda düzüb-qoşduğu nağıl... O biri qızcığaz bizimlə birlikdə təmkinlə onu dinləyirdi...
 
Nağılda hər şey vardı, hamı vardı, danışdıqca coşurdu, danışdıqca səsi yüksəlirdi, danışdıqca cingiltili gülüşü nağıla qarışırdı, danışdıqca nağıl axıb gəlirdi. Bir yerdən sonra mən onun səsini eşitməməyə başladım, əvəzində qızcığazın qap-qara gözlərinin dərinliyinə bir yol göründü, dərinliyin dibində bir qapı açıldı, o qapıdan içəri keçdim.
 
Gördüm ki, çoxlu gilas ağacları var, gedirəm, gedirəm, yolun o tərəfi də, bu tərəfi də ağappaq çiçəkli gilas ağaclarıdır. Ayağım yerə dəymir, əlim heç nəyə toxunmur. Gilas ağaclarının ağappaq çiçəkli budaqları yola əyilib üzümə-gözümə, saçlarıma hopur...
 
Sonra son bir dəfə döyüb, eləcə, boş-boş, sınıxmış, çaşmış, qorxmuş döydüyüm qapıyla üzbəüz dayandım.
 
Sonra arxada bir tərpəniş, bir nəfəs duydum, hiss etdim ki, kimsə, doğma biri qəfil boşluğun içindən peyda olub orda durub...
 
Çevrildim.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930