5,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Azərbaycanda əməkhaqqına əvvəlkindən daha az olan vergi yükü müəyyən ediləcək


Azərbaycanda əməkhaqqına əvvəlkindən daha az olan vergi yükü müəyyən ediləcək

29.06.2018 15:46
admin

Sirr deyil ki, dövlət büdcəsi birbaşa vergilərin ödənilməsindən asılıdır. Sahibkarlar öz sosial məsuliyyətini anlamalı və bilməlidir ki, ölkəmizin inkişafı, onun iqtisadi qüdrəti, ordu, təhsil, səhiyyə, mədəniyyət və bir çox başqa sahələrin dayanıqlı olması onun ödədiyi vergilərdən asılıdır. Yayındırılan hər manat iqtisadiyyatımıza, ölkəmizin iqtisadi təməlinə vurulan zərbədir.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, təəssüf ki, bu gün də bir sıra vergi ödəyicilərinin fəaliyyətinin və dövriyyələrinin təhlili ortaya tamamilə başqa mənzərə çıxarır. İkili mühasibat, dövriyyələrin gizlədilməsi, gəlirlərin uçotdan yayındırılması hallarının həcmi kifayət qədər çoxdur. Bu gün leqal fəaliyyətlə yanaşı, uçotdan yayındırılan paralel iqtisadi dövriyyələr vardır ki, onun adı "kölgə iqtisadiyyatı"dır.

"Kölgə iqtisadiyyatı" cəmiyyətin inkişafının bütün mərhələlərində mövcud olub və dünyada müşahidə olunan problemdir. Hər bir dövlət onun səviyyəsinin və həcminin azaldılması ilə bağlı öz siyasətini yeritməyə çalışır. Söhbət qeyri-formal məşğulluqdan, "kassanın yanından" keçməklə aparılan ticarətdən və xidmətlərin dövlət tənzimlənməsindən kənar göstərilməsindən gedir. Sahibkarın öz gəlirlərini leqallaşdırmasına, şəffaf işləməsinə bir çox amillər təsir edir. Bir qayda olaraq, gizli sektor vergi yükünün yüksək olduğu, işgüzar sövdələşmələr və əməliyyatların rəsmi qeydiyyatsız və büdcəyə vergi ödənilmədən həyata keçirildiyi sferalarda artır.

Hazırda bütün ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə də "kölgə iqtisadiyyatı" var və burada fərq yalnız onun səviyyəsinin nə dərəcədə geniş olmasındadır. Məsələn, Dünya Bankının 2017-ci il üzrə araşdırmalarına görə, "kölgə iqtisadiyyatı"nın həcminə görə MDB dövlətlərində orta göstərici 39%, Şərqi Avropada 23%, Türkiyədə 28%-dir. Halbuki bu göstəricilər 2012-ci ildə müvafiq olaraq 43%, 28% və 31,5% olub.

Azərbaycanda "kölgə iqtisadiyyatı"nın ÜDM-dəki çəkisi ilə bağlı rəsmi statistika ilə müstəqil araşdırma mərkəzlərinin, həmçinin beynəlxalq təşkilatların göstəriciləri arasında ziddiyyətli məqamlar var. Azərbaycanda xüsusilə qeyri-rəsmi məşğulluq, "zərflərdə" verilən əməkhaqqı, ikili mühasibatın aparılması kimi xarakterik yayınmalara rast gəlinir. Bir çox hallarda onun həcmi barədə müxtəlif rəqəmlər səsləndirilir. Lakin aydın olan budur ki, dövlət büdcəsinin gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətli mənbələr mövcuddur. Dövriyyələrin gizlədilməsi və ya xeyli şəkildə aşağı salınması, müəssisələrin vergi öhdəliklərini minimallaşdırmaq üçün onların bölünməsi, işçilərlə əmək müqavilələrinin bağlanmaması, qeyri-rəsmi ödəmələrə üstünlük verilməsi adi bir "biznes təcrübəsinə" çevrilib. Bu hallara təkcə xidmət və ticarət sektoru kimi ənənəvi sahələrdə deyil, istehsal və ixrac yönümlü müəssisələrdə də rast gəlinir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimlinin sözlərinə görə, "kölgə iqtisadiyyatı" həm dövlətin iqtisadi gücünün artırılmasına, həm də vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına mane olan başlıca amildir və çoxmərhələli mübarizə tələb edir: "Məsələn, Azərbaycanda gizli iqtisadiyyatın əsas payını gizli məşğulluq təşkil edir. Əslində, gizli məşğulluq işəgötürənlərə sərf edir. Çünki onlar əlavə sosial sığorta ödənişlərindən, vergilərdən yayınaraq qeyri-leqal yolla külli miqdarda vəsait əldə edirlər. Yəni bu məsələdə vətəndaşların özündən də aktivlik tələb olunur".

Millət vəkili Hadı Rəcəbli də qeyri-formal məşğulluğun əsas səbəblərindən birinin sosial sığorta ayırmalarının yüksək səviyyəsi olduğunu bildirib. Əməkhaqqı fondundan ödəmələrin 25 faizlik (22 faiz işəgötürən + 3 faiz işçilər) həddinin yüksək olduğunu bildirən millət vəkilinin sözlərinə görə, bu, sahibkarların və işəgötürənlərin öz gəlirlərini leqallaşdırmağa mane olan səbəblərdən biridir.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, bu gün iqtisadi fəal əhalinin sayı 5 milyona yaxındır, məşğul əhalinin sayı isə 4,6 milyon nəfərdən çoxdur. Bunun təxminən 1,5 milyon nəfərini muzdlu işçilər təşkil edir. Bu şəxslər əmək müqavilələri rəsmiləşdirilmiş işçilərdir. Daha 1,6 milyon nəfərin kənd təsərrüfatı sahəsində çalışdığı məlumdur. Beləliklə, yerdə qalan iqtisadi fəal əhali ya fərdi sahibkarlıqla məşğul və ya özüməşğul əhalidir (işsizlər nəzərə alınmaqla). Ekspertlərin qiymətləndirmələrinə əsasən, bunun 1,2 milyon nəfəri qeyri-formal məşğul vətəndaşlardır. İqtisadi fəal əhalinin ümumi sayı ilə müqayisədə bu, kifayət qədər böyük göstəricidir.

İqtisadçı ekspert Vüqar Bayramov "kölgə iqtisadiyyat"nın formalaşmasının əsas səbəbini ikili mühasibatla bağlayır: "Bəzi hallarda şirkətlərdə dövriyyənin rəsmiləşdirilməsi həyata keçirilmir və ya işçilər əmək müqaviləsi olmadan işə cəlb edilir. Bəzi hallarda isə şirkət qeydiyyatdan keçmədən müəyyən fəaliyyətlər göstərə bilir. Bu baxımdan, "kölgə iqtisadiyyatı"na qarşı mübarizənin uğurla aparılması üçün birmənalı şəkildə ikili mühasibata qarşı mübarizə gücləndirilməlidir. Mühasibat sisteminin tam rəsmiləşdirilməsinə ehtiyac var ki, şirkətlər qeyri-leqal iqtisadiyyatda işləməyə üstünlük verməsinlər".

Araşdırmalar göstərir ki, sahibkarların qeydiyyatdan keçmədən qeyri-leqal fəaliyyəti daha çox kiçik istehsal və xidmət sektorundadır. Qeyri-rəsmi məşğulluq da məhz bu iki sektorda daha çox yayılıb. Halbuki, ilkin qiymətləndirmələr zamanı, bunun tikinti sektorunda olduğu düşünülürdü. Adətən, böyük istehsalat sektorunda daha çox ikili mühasibat problemi olur. Ona görə də kölgə iqtisadiyyatı ilə bağlı problemlər qruplaşdırılsa, görərik ki, bunların kiçik və böyük müəssisələr üzrə ayrılmasına ehtiyac var.

Bəzən vergilərin qanuni yolla optimallaşdırılması təcrübəsi vergidən yayınma ilə qarışıq salınır. Vergilər Nazirliyi bu yanaşmaları bir-birindən fərqləndirir: vergidən yayınma qanun pozuntusudur və belə hallarla sistemli mübarizə aparılmalıdır.

Vergilər naziri Mikayıl Cabbarovun son açıqlamalarının əsas hədəfi də məhz "kölgə iqtisadiyyatı"nın əhatə dairəsinin daraldılması, leqallaşma və hesabatlılığının artırılmasıdır. Vergilər naziri vergi siyasəti və vergi qanunvericiliyi sahəsində gözlənilən dəyişikliklərlə bağlı son çıxışlarında bildirib ki, növbəti ilin büdcə paketi çərçivəsində aidiyyəti qurumlarla birlikdə çalışaraq, "kölgə iqtisadiyyatı"nın azaldılmasına yönəlmiş, hesabatlılığın artırılmasını təmin edən tədbirlər və bir sıra digər islahatlarla bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilib. Vergilər naziri qarşıda duran əsas çağırışların dövriyyələrin azaldılmasının qarşısının alınması, illərlə oturuşmuş iş sisteminin təkmilləşdirilməsi olduğunu bildirib və vergi mədəniyyətinin kifayət qədər yüksək olmamasına diqqət çəkib.

Vergi orqanları qeyri-rəsmi məşğulluğun və qanunsuz sahibkarlığın qarşısının alınması istiqamətində bu gün inzibati tədbirlərdən istifadə edir, lakin bununla kifayətlənmək olmaz. Biznes fəaliyyətinin, xüsusilə qeyri-rəsmi məşğulluğun, işçilərə verilən əməkhaqqının tam leqallaşdırılması, gəlirlərin düzgün bəyan edilməsi, ikili mühasibatın aradan qaldırılması, hesabatlılığın şəffaflaşdırılması istiqamətində bütün qanunvericilik və inzibatçılıq rıçaqları işə salınmalıdır.

Bu baxımdan, vergilər nazirinin əməkhaqqına vahid vergi yükünün müəyyən edilməsi təkliflərinin mövcudluğu ilə bağlı açıqlaması diqqət çəkir. Mütəxəssislərin fikrincə, əməkhaqqına mövcud ümumi vergi yükünün (sosial ayırmalar daxil olmaqla) çox olması bir çox sahibkarları əməkhaqqını leqallaşdırmamağa sövq edir. M.Cabbarov əməkhaqqına yeni ümumi vergi yükünün müəyyən ediləcəyi, bu yükün əvvəlkindən daha aşağı olacağı, həmçinin işəgötürənlərlə işçilər arasında ədalətli bölünəcəyi ilə bağlı ilkin açıqlamalar verib. Beləliklə, qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətində çox mühüm addımlar atılacağını gözləmək olar.

Bununla yanaşı, nağdsız ödəmələrin genişləndirilməsi, vətəndaşların və biznesin nağdsız hesablaşmalar aparması istiqamətində marağı stimullaşdırılmalıdır. Nağdsız ödəmələrin genişləndirilməsi dövriyyələrin şəffaflaşmasına və leqallaşmasına müsbət təsir edəcək.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31