7,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Dəm qazı: Ondan qurtulmaq yolu nədir?


Dəm qazı: Ondan qurtulmaq yolu nədir?

09.01.2018 23:35
admin

Hər il onlarla can alan dəm qazı təhlükəsindən yaxa qurtarmaq üçün detektor qoymaq çıxış yoludurmu?

Hər qış dəm qazından vəfat edənlərin sayı yay aylarında nisbətdə daha çox olur.

Bu "ayaqucunda səssiz-səmirsiz gələn ölüm"ün qarşısını almaq üçün sakinlər evlərinə detektor quraşdırmalıdırlar, ekspertlər təklif edir.

Milli.Az BBC-yə istinadən bildirir ki, bəzi yeni çoxmərtəbəli binalarda mənzil-tikinti kooperativləri evləri qazla bağlı problemləri aşkarlayan detektorla könüllü təchiz edirlər, - belə şirkətlərdən birinin əməkdaşı BBC Azərbaycancaya danışır.

Bəzi millət vəkilləri isə hesab edir ki, qaz təhlükəsi ilə bağlı yaranan təhlükələri önləmək üçün mənzillərdə detektorlar məcburi quraşdırılmalıdır.

Dekabrın 31-də Zaqatala rayonunda bir qadın və iki azyaşlının ölümünə ilkin səbəb kimi dəm qazı göstərilib.

Bundan az sonra isə Bakıda bir gəncin ölüm diaqnozunda ilkin ehtimal kimi dəm qazından boğulma göstərilib.

"Hamamda huşumu itirdim"

Bakı sakini Aygün (adı onun xahişi ilə dəyişdirilib) danışır ki, bu ilin əvvəlində vanna otağında çimərkən huşunu itirərək yıxılıb. Ailə üzvləri tappıltı səsinə hamama qaçıb onu huşsuz tapıblar:

"Məni dərhal təmiz havaya çıxarıblar və təcili tibbi yardıma müraciət ediblər".

Aygün deyir ki, o, hamamda olan qaz qızdırıcısından yaranan dəm qazından boğulurmuş.

"Dəm qazı deyə bilmərəm, amma qaz buraxsın, ya bir problem yaransın, dərhal evdə quraşdırılan detektor səs salır", Bakıda Xırdalanda yeni binaların birində yaşayan Güldanə Axundzadə BBC Azərbaycancaya deyir.

"Biz mənzilləri detektorla könüllü təchiz etdik"

Bakıda fəaliyyət göstərən mənzil tikinti korporativlərindən birinin nümayəndəsi BBC Azərbaycancaya bildirir ki, onlar tikdikləri binalarda qaz sayğacları ilə yanaşı qaz sızması və dəm qazını aşkarlayan cihazlar da quraşdırırlar. Şirkət rəsmisinin sözlərinə görə, bu onların şəxsi təşəbbüsüdür və heç bir qurumdan bununla bağlı göstəriş almayıblar.

İnternet mağazalarda dəm qazı aşkarlayan cihazlar satılır

Bu cihazlar həm qaz sızması, həm də dəm qazı yarandığı halda yüksək səslə siqnal verərək əvvəlcə qaz axınını dayandırır, sonra isə xəbərdarlıq edərək ev sahibini məlumatlandırır, adının açıqlanmasını istəməyən MTK əməkdaşı deyir.

Şirkət rəsmisinin sözlərinə görə, bu cihazlar əlçatandır, hətta onu internetdə də tapıb almaq olar.

Dəm qazı, detektor, xəbərdarlıqQaz sızması və dəm qazı olduqda siqnal verən cihaz

"Dəm qazı detektorlarının tətbiqi məcburi olmalıdır"

Mənzillərdə dəm qazını aşkarlayan cihazların quraşdırılması məcburi olmalıdır, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev belə düşünür. O, BBC Azərbaycancaya deyir ki, bunu ya müvafiq qanuna əlavələr etməklə, ya da aidiyyətli qurum üçün təlimat şəklində həyata keçirmək lazımdır:

"Çox aktual məsələdir. Hesab edirəm ki, qaz istifadə olunan yaşayış və digər obyektlərdə qaz detektorlarının tətbiqi məcburi xarakter daşımalıdır. Bu, lazım gələrsə qanunvericilikdə də yer ala bilər, ya da sadəcə buna "Azəriqaz", yaxud da başqa qurum təlimat şəklində verə bilər".

"Zəhərlənmələrin çoxu hamamda olur"

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə mütəxəssisi Nüsrət Qasımov BBC Azərbaycancaya deyir ki, dəm qazı zəhərlənmələrinin qarşısını almaq üçün vanna otağının ölçüləri standartlara uyğun olmalıdır və qapının aşağı hissəsindən bir neçə iri dəlik açılmalıdır.

Bu zaman hava dövr edir və hamamda daim təmiz hava olur, o əlavə edir.

"Dəm qazı zəhərlənmələrinin 99 faizi hamamda olur. Dəm qazı otaqda konsentrasiyasına görə 7-30 dəqiqə ərzində ölümcül təsir edir. Havada dəm qazının miqdarı 0.1 faiz olduqda, artıq o, ölümcül təsir edir"- Nüsrət Qasımov deyir.

Mütəxəssisin fikrincə, illərdir mətbuat yazsa da, problemləri qaldırsa da, dəm qazından ölüm statistikası azalmır. Onun sözlərinə görə, sakinlər özləri təhlükəsizliklərini təmin etməlidirlər.

"Qaz siqnal aparatı" lazımınca təbliğ olunmur

Ancaq Nüsrət Qasımov hesab edir ki, bu cihazdan istifadə yetərincə təbliğ olunmur.

"Ən xırda, bəzən lazımsız məhsullar reklam olunur, amma belə faydalı məhsul haqda maarifləndirici məlumat, reklam yoxdur" - vaxtilə qaz nəzarətçisi işləmiş Qasımov deyir.

Əvvəllər Sağlamlıq, Təhlükəsizlik, Əməyin mühafizəsi və Yanğın Təhlükəsizliyi üzrə mühəndis kimi çalışmış Emin Əliyev isə satışdakı"qaz detektorlarının" quraşdırılmasını effektsiz sayır. O, deyir ki, bu detektorların müvafiq standartlara uyğunluğu, aidiyyətli qurumlar tərəfindən təsdiq olunmalıdır.

Mütəxəssis deyir ki, belə dedektorların qiyməti 30 manat civarındadır. Keçmiş mühəndis onu da əlavə edir ki, "kustar üsulla hazırlanmış qaz cihazlardan istifadə qadağa olunmalıdır".

Mənzillərdəki qaz xətlərinə "Azəriqaz" məsuliyyət daşımır, Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev deyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *