7,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Özünü rinqdə tapan əsl döyüşçü -


Özünü rinqdə tapan əsl döyüşçü -

03.01.2018 20:19
admin

O, hansı günü səbirsizliklə gözləyir?

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir. 

Bu il ölkə idmanı üçün bir çox mühüm hadisə ilə əlamətdar oldu. Paytaxtımızda keçirilən İslam Həmrəyliyi Oyunlarının yerini xüsusi vurğulamaq lazımdı. İslam Həmrəyliyi Oyunları ölkəmizə beynəlxalq yarışları təşkil etmə bacarığını bütün dünyaya bir daha göstərmək fürsəti verdi. Azərbaycan bundan öncəki yarışlardakı kimi bu sınaqdan da üzüağ çıxdı. Bu turnir təkcə, ölkəmizin dünya idmanındakı imicinin bir az da möhkəmlənməsinə yox, həm də, idmançılarımızın bir çoxu üçün özünüsübut üçün meydan oldu. Bu cür idmançılarımızdan biri də boksçu Tamerlan Abdullayevdir. Potensialına rəğmən, son illərdə beynəlxalq yarışlarda medallara həsrət qalan Tamerlan, məhz bu turnirdə özünü sübut etməyi bacardı. Bu yazıda sizə İslam Həmrəyliyi Oyunlarında ölkəmizin medal kolleksiyasını "gümüş"lə zənginləşdirən boksçumuz Tamerlan Abdullayevdən bəhs edəcəyik. 
 
Qardaşdan keçən həvəs  
    
Tamerlan Abdullayev 1992-ci il aprel ayının 5-də Bakıda dünyaya göz açıb. Çox kiçik yaşlarından döyüş idman növlərinə meyl salıb. O, daim Jan Klod Van Damın döyüş filmlərini izləyir, ekran qarşısında gördüyü qəhrəmanına bənzəmək istəyirdi. Həyatda isə onun kumiri özündən bir neçə yaş böyük olan qardaşı idi. Dəcəl uşaq olan Tamerlanın məktəbdə qiymətləri heç də ürəkaçan deyildi. Məhəlllədə isə "davakar" imici qazanmışdı. Ancaq bu hal çox davam edə bilməzdi. Nəhayət, Abdullayevlər ailəsində ipə-sapa yatmayan övladın gələcək taleyi ilə bağlı ciddi düşünməyə başlayırlar. Vaxtilə həvəskar şəkildə güləşlə məşğul olmuş ata Abdullayev, öz oğlunda idmançı potensialı görürdü. Düşünüb-daşındıqdan sonra "onsuz da oxumayacaq" fikrinə gələn Tamerlanın valideynləri, onu boksa yazdırmaq qərarına gəlirlər.

Böyük qardaşı onu "Rabitə" idman klubuna aparır. Tamerlan 12 yaşında "əlcək"lə tanış olur. Məşqçi Rasim Məmmədov rinqdə ilk addımlarını atan kiçik Tamerlana boksun sirlərini öyrətməyə başlayır. Onun bu idman növündə nəticələri özünü çox gözlətmir. Artıq 2005-ci ildə yeniyetmələr arasında əvvəlcə Bakı, daha sonra isə ölkə çempionu adını qazanır. 
 
Uğurlar
 
Tamerlanın uğurları sonrakı illərdə artan tempdə inkişaf edir. O, 2006-cı ildə Ukraynada keçirilən yeniyetmələrin dünya çempionatında gümüş medal qazanır. 2008-ci ildə isə yeniyetmələrin Avropa çempionatını gümüş medalla başa vurur. Daha sonra gənclər arasında dünya çempionatında medalın bir addımlığında dayanır. 2010-cu ildən etibarən isə böyüklər arasında çıxış etməyə başlayır. O, böyüklər arasında keçirilən ölkə çempionatını birinci pillədə başa vurub, Respublika kubokunu qazanır. Ukraynada, Bolqarıstanda keçirilən beynəlxalq turnirləri də medalla tərk edir. 
 
İdmançının ən böyük "düşmən"i
 
Hər şeyin yüksələn xətt üzrə inkişaf etdiyi bir vaxtda, Tamerlan idmançıların ən böyük düşməni zədəyə tuş gəlir. O, 2011-ci ildə başından ağır zədə alır. Bu zədə onu rinqdən 6-7 ay uzaq salır. İdmançının zədədən sonra bərpa olma müddətini, yəqin ki, onların özündən yaxşı heç kim başa düşə bilməz. Təsəvvür edin, uzun müddət böyük əziyyətlə domino daşları ilə düzəldilmiş bir fiqur, kiçik bir toxunuşla yerlə-yeksən edilir. Burda fiquru idmançının illərlə məşqlərdə tər tökərək qazandığı forma, kiçik toxunuşu isə gözlənilməz zədə ilə müqayisə etmək olar.

Həmin ildə Tamerlan ən yaxşı formada olduğu dövrünü yaşayırdı. O, 64 kq çəkidə millidə "bir nömrə" idi. Ölkəmizdə baş tutacaq dünya çempionatında bu çəkidə məhz Abdullayevin yarışacağı gözlənilirdi. Lakin gözlənilməz zədə Tamerlanı hər şeyi təzədən başlamağa məcbur edir. Həyatda olduğu kimi, idman da bu cür xoşagəlməz sürprizlərlə doludur. Əsas olan isə bu "sürprizlər"dən şoka düşməmək, dəymiş "zərbə"dən sonra dərhal toparlanmağı bacarmaqdır.

Geridönüş
 
Tamerlan da bu "zərbə"ni bacarıqla dəf edənlərdəndir. Belə ki, zədədən qayıdan Abdullayev, qısa müddətdə əvvəlki formasını bərpa edir. Ancaq o, artıq əvvəlki kimi 64 yox, 69 kq çəkidə yarışmağa başlayır. 2012-ci ildə ölkə çempionu adını qazanır. Elə həmin ildə Londonda keçiriləcək yay olimpiya oyunlarında çıxış etmək üçün təşkil olunan lisenziya turnirinə qatılır. Tamerlan ilk döyüşündə qalib gəlsə də, ikinci döyüşündən məğlub ayrılaraq, Britaniya paytaxtına yollanmaq arzusunun üzərindən xətt çəkir.

London olimpiadasından kənarda qalan Tamerlan, bu uğursuzluğu digər yarışlardakı müvəffəqiyyətlərlə unutdurmağa çalışır. O, Rusiyada keçirilən dünya kubokunda 3-cü olur. ADBTİA-nın məzunu olan Tamerlan, 2012-ci ilin sonlarında, paytaxtımızda keçirilən tələbələr arasında dünya çempionatında da iştirak edir. Abdullayev bu yarışda bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq, beynəlxalq arenada ilk "qızıl"ını qazanır. 
 
Özünüsubut anı
 
Tamerlanın millidə 69 kq çəkidə əsas rəqibi Pərviz Bağırovdur. Yığmada bu iki boksçumuz arasında daim mübarizə gedir. Rioda keçirilən son olimpiadada Tamerlan bu yeri Pərvizə uduzmuşdu. Lakin bu il paytaxtımızda keçirilən İslam Həmrəyliyi Oyunlarında Abdullayev bu yeri geri almağı bacarır. Belə ki, yarışa bir həftə qalmış yığmamızın məşqçiləri boksçulardan bu yerə kimin daha layiq olduğunu müəyyənləşdirmək üçün məşq zamanı ayrıca döyüş təşkil edirlər. Bu döyüşdən qalib ayrılan Tamerlan, İslam Həmrəyliyi Oyunlarında ölkəmizin idman şərəfini qorumaq hüququna yiyələnir. Bu, bir müddətdir millidəki yerini itirmiş Tamerlana özünüsübut üçün şans idi.

O, bu şansdan məharətlə istifadə etməyi bacarır. Belə ki, 1/8 finalda mübarizəyə başlayan Abdullayev, ilk görüşündə türkmənistanlı rəqibi Muhemmetmirat Sahedovu mübarizədən kənarlaşdırır. 1/4 finalda isə o, qətərli boksçu Tulasimaraam Tarumalinqamla üz-üzə gəlir. Döyüş zamanı rəqibin başı onun sifətinə dəyərək, qaşını partladır. Gözlənilməz zədəyə rəğmən, üstünlüyü əldən verməyən Tamerlan, bu döyüşdən də üzüağ ayrılır. O, yarımfinalda qazaxıstanlı İlya Oçkini də mübarizədən kənarlaşdıraraq, həlledici döyüşə vəsiqə qazanır. Lakin finalda özbəkistanlı Bobo-Usman Baturova uduzaraq, turniri gümüş medalla başa vurur. 

Peşəkar boks
 
Adətən, həvəskar rinqdə uğur qazanan bir çox idmançı, özünü peşəkar boksda sınamaq qərarına gəlir. Tamerlan da peşəkar boksda özünü sınayıb. O, 2014-cü ildə zədə səbəbindən kənarda qalan Fariz Məmmədovu əvəz edib. Onun peşəkar rinqdə ilk təcrübəsi heç də pis alınmayıb. Belə ki, keçirdiyi 3 döyüşün 2-də qalib gəlib, yalnız birində uduzmuşdu. Keçən ilin martında isə qazaxıstanlı Aslanbek Şimberqenovla döyüşdən qələbə ilə ayrılıb. 
Ancaq peşəkar rinqdə mübarizə aparmaq üçün güclü sponsora ehtiyac var. Bu cür döyüşlər böyük pullar qazandırdığı kimi, böyük sponsorluqlar da tələb edir. Ölkəmizdə isə bu sahə hələ yetərincə inkişaf etməyib.
 
Əsas hədəflər

Hazırda Tamerlan əsas diqqəti peşəkar boksa yox, 2020-ci ilə yönəldib. Onun məqsədi 3 il sonra Yaponiyanın paytaxtı Tokioda baş tutacaq olimpiadada iştirak etməkdir. O, dördilliyin əsas idman yarışında təkcə iştirak yox, həm də medal arzusundadır. Bunadək isə onu qitə və dünya çempionatlarında sınaqlar gözləyir. Ümumiyyətlə, potensialına rəğmən, bu günə kimi çox az medal qazanmış Tamerlan, bu çatışmazlığı qarşıdakı illərdə sığortalamağı qarşısına məqsəd qoyub.
Boksçu kimi karyerasını bitirdikdən sonra isə bu sahədə yiyələndiyi bacarıqları uşaqlara aşılamaq üçün boks zalı açmaq niyyətindədir. Onun fikrincə, hamı bacardığı işlə məşğul olmalıdır. Tamerlan bu illər ərzində öyrəndiklərini yeniyetmə və gənclərə aşılamağı isə özünə borc bilir.    
            
Məşqçi işi
 
Cəmi 2 il öncə məşqçi Oqtay İbrahimovla çalışmağa başlayıb. O, boksda öyrəndiklərinin çoxunu bu mütəxəssisə borclu olduğunu düşünür. Öz inkişafında İbrahimovun rolunu xüsusi vurğulayır. Sovet dövründə ölkənin ən yaxşı boksçularından  olmuş İbrahimov, vaxtilə rinqdə qazandığı təcrübəni öz yetirməsi Tamerlana aşılayır. Abdullayev son vaxtlarda qazandığı uğurlarda bu məşqçinin rolunu xüsusi vurğulayır.  
 
Təbiəti, mütaliəni sevən boksçu
 
Tamerlan asudə vaxtlarını dostları ilə keçirməyi sevir. O, dostları, sevdikləri ilə birlikdə təbiət qoynunda - dəniz kənarında, dağlarda, bir sözlə, insanların az olduğu sakit yerlərdə dincəlməyi xoşlayır. Asudə vaxtlarında mütaliəyə də vaxt ayırır. Əsasən, dini və ya bədii əsərlərə üstünlük verir. Ən çox sevdiyi kitab isə məşhur qırğız yazıçı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsəridir. 
     
Kumir

Onda boksa olan həvəs qardaşından yaranıb. Maraqlıdır ki, bu idman növü ilə məşğul olan qardaşı, sonradan təhsilə üstünlük verib. O, kubalı idmançılara uşaq vaxtının kumirləri kimi baxır. Hansınısa ayırmır, ancaq bu ölkənin təmsilçilərinin olimpiadalarda, dünya çempionatlarında çıxışlarını maraqla izlədiyini, hər dəfə isə onlardan nəyisə mənimsəməyə çalışdığını deyir. Yerli boksçulardan isə Rövşən Hüseynovun döyüşləri onun diqqətini daha çox cəlb edib. Bundan əlavə, Ağası Məmmədovun döyüşlərini də maraqla izləyib. Hazırda da karyerasını davam etdirən Teymur Məmmədov, Elvin Məmişzadə kimi əlcək sahibləri da onun bəyəndiyi, daim yaxından izlədiyi boksçularımızdandır. 

Portret

"Boksçu üçün əsas olan rinqə çıxanda qorxmamaqdır. Döyüşə çıxarkən həyəcanlanmayan boksçu yoxdur. Əsas odu ki, bu həyəcan sənin döyüşündə öz əksini tapmasın, qorxuya çevrilməsin".

Bu sözlər Tamerlana məxsusdur. O, qorxmadan döyüşməyi əsas hesab edir. Bu xüsusiyyətlərinə görə, onu əsl döyüşçü adlandıra bilərik. Tamerlan rinqə çıxarkən yaranmış həyəcanı qorxuya yox, əzmkarlığa, qələbə istəyinə çevirməyi bacarır.
 
Tamerlan əsl potensialını tam açmamış idmançılarımızdandır. O, hələ ki, rinqdə öz sözünü deməyib, ancaq həmin günü səbirsizliklə gözləyir. Sakitcə, hərəkətsiz yox, gərgin məşqlərdə tər tökməklə. Məşqlərdə tökülən tər isə gec-tez rinqdə öz bəhrəsini verir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *