13,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Bənzərsiz ssenarilərlə kino dünyamızı zənginləşdirən sənətkar - FOTO


Bənzərsiz ssenarilərlə kino dünyamızı zənginləşdirən sənətkar - FOTO

22.12.2017 21:33
admin

Bu gün görkəmli kinorejissor, ssenarist, kinodramaturq, Xalq Artisti Həsən Seyidbəylinin anadan olmasından 97 il ötür. Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən olan bu böyük kino xadiminin yaradıcılığı hər zaman sənətşünasların diqqət mərkəzində olub və zaman-zaman onun sənət dünyası tədqiqat obyektinə çevrilib. Bu mənada AZƏRTAC-ın sifarişi ilə Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mətanət Nəsirovanın kinorejissora həsr etdiyi yazı da maraq doğurur.

Ədəbiyyatdan mədəniyyətə gedən yol

1920-ci il dekabrın 22-də Bakıda anadan olan Həsən Seyidbəyli Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatorluğu və Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. Sonralar ali ssenari kurslarında təhsilini davam etdirən sənətkar 1963-1980-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində çalışıb. 

Həsən Seyidbəyli yaradıcılığa ədəbiyyatla başlamışdı. Onun ədəbi yaradıcılığında "Kür sahillərində" , "Telefonçu qız" povestləri, "Uzaq sahillərdə" romanı ( İ.Qasımovla birgə), "Cəbhədən cəbhəyə", "İllər keçir" ( İ.Qasımovla birgə), "Çiçək" romanları, "Dəniz cəsurları sevir" (İ.Qasımovla birgə), "Sən nə üçün yaşayırsan" (İ.Qasımovla birgə) pyesləri mühüm yer tutur. H.Seyidbəyli kinoya kiçik oçerklər müəllifi kimi gəlmişdi. "Böyük yol" , "Bakıdan - Göygölədək" film-oçerkləri milli kinematoqrafiya sənətinə istedadlı bir gəncin qədəm basdığından xəbər verirdi. Böyük sənət yolunun başlanğıcında duran bu əsərlərdə ilk istedad qığılcımları, vətənə ülvi məhəbbət duyğuları, təbiətə vurğunluq hissləri çox məharətlə tərənnüm olunmuşdu. "Nəsimi" filmini çəkmək böyük bir imtahan idi. Ziddiyyətli tarixi dövrün materiallarını ilk dəfə bədii kinoya gətirmək doğrudan da, riskli bir iş idi, ancaq H.Seyidbəyli bu riskə getdi. Filmin bədii keyfiyyətləri yüksək idi və Nəsiminin dövrü, onun həm şair, həm də yüksək duyğulara malik insan kimi kinoportreti tamaşaçıları valeh etmişdi. H.Seyidbəyli baş rola gənc aktyor Rasim Balayevi çəkmişdi. O, həm də Rasim Balayevi kino sənətinə gətirməklə kino tariximizi zənginləşdirdi. Ömrünün son vaxtlarında H.Seyidbəyli "Xoşbəxtlik qayğıları" filmini çəkdi. Filmin ssenarisini də rejissor özü yazmışdı. Filmdə qəhrəmanlar köhnəliyin qalıqlarına qarşı çıxır, hər şeyi yenidən başlamaq istəyirlər. Milli mədəniyyət tariximizin müasir mərhələsinin ən böyük simalarından olan aktyor ömrünü ədəbiyyata və incəsənətə həsr etmiş, incəsənətin müxtəlif növlərində, janrlarında nailiyyətlər qazanmışdır. Həmin istiqamətlərdən biri də kinodramaturgiyadır. H.Seyidbəylinin kinossenari yaradıcılığı daim diqqət mərkəzində olmuşdur. Sənətkar öz kinossenarilərində maraqlı, gərgin, dramatik süjet ustası, bir-birindən fərqlənən tutarlı xarakterlər yaradıcısı kimi diqqəti cəlb edir. H.Seyidbəylinin kinossenariləri öz ideya məzmunu və bədii-emosional keyfiyyətləri cəhətdən maraq kəsb edir.

Həsən Seyidbəylini kinematoqrafiyada yaşadan ssenarilər

Həsən Seyidbəylinin ssenari müəllifi olduğu "Cazibə qüvvəsi", "Doğma xalqıma" , "Xoşbəxtlik qayğıları", "Qızmar günəş altında" , "Möcüzələr adası" , "O qızı tapın" , "Sən niyə susursan?" , "Telefonçu qız", "Uzaq sahillərdə", "Yolda əhvalat" kimi filmlər onun ssenarist kimi istedadını sərgiləyir. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan H.Seyidbəylinin böyük kino ilə ilk təması "Uzaq sahillərdə" (1958) filmi ilə baş tutmuşdu. Xalq Yazıçısı İmran Qasımovla birgə yazdıqları "Uzaq sahillərdə" filminin ssenarisində kinematoqrafiyanın bütün tələblərinə əməl edilmişdi. Müharibə mövzusunun çox sərrast işləndiyi bu ssenari, müəlliflərinə böyük şöhrət gətirdi. Filmdə İkinci Dünya müharibəsi illərində İtaliya ərazisində partizan dəstəsində vuruşan azərbaycanlı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin qəhrəmanlığından söhbət açılır. 

H.Seyidbəylinin ssenarisi əsasında çəkilən ilk bədii-sənədli film "Doğma xalqıma" (1954) filmidir. "Doğma xalqıma" ilk rəngli Azərbaycan bədii-sənədli filmidir. Konsert janrında çəkilmiş ekran əsərində Bülbül, Rəşid Behbudov, Qəmər Almaszadə, Ağababa Bünyatzadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Sona Aslanova, Azad Əliyev, Nəcibə Məlikova, Əfrasiyab Məmmədov, Həsənağa Salayev və başqa incəsənət xadimləri yaradıcılıq hesabatı verir. Bəstəkarlardan Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov və Əfrasiyab Bədəlbəylinin əsərləri, "Koroğlu" və "Nərgiz" operalarından, "Yeddi gözəl", "Qız Qalası", "Gülşən" baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri filmə daxil edilib.

H.Seyidbəylinin "Kənd həkimi" povesti əsasında çəkilmiş "Qızmar günəş altında" filmində şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydının (Ə.Fərzəliyev) fədakar əməyindən bəhs olunur. Kəndə qısa müddətli ezamiyyətə gəlmiş filmin qəhrəmanı özünün həkimlik borcunu burada, sadə insanların arasında qalmaqda görür.

"Yolda əhvalat" filmi atasının "Pobeda" markalı maşınında öz dostları ilə əylənən, tüfeyli həyat keçirən, maşını dostları ilə məqsədsiz sağa-sola sürüb qəzaya uğrayan gənclərdən söhbət açır.

Azərbaycan kinosunun nağılçısı

Ancaq H.Seyidbəyli bir sıra filmlərin həm ssenari müəllifi, həm də rejissoru kimi çıxış edib. Bunlara misal olaraq, "Bizim Cəbiş müəllim", "Xoşbəxtlik qayğıları", "Telefonçu qız", "Sən niyə susursan" və s. filmləri göstərmək olar. "Bizim Cəbiş müəllim" (1969) filmində bir ailənin tarixçəsi fonunda müxtəlif insanların xarakterləri dinamik kadrlarla, panoramlı çəkilişlərlə təsvir olunur. Filmin epizodlarında nadir hallarda rastlaşdığımız komik dialoqlarda belə müharibənin bədbəxtliklərini xatırladan dərin kədər var. H.Seyidbəylinin filmlərində, hər bir kadrın qrafik və rəng-ton həllinin diqqətlə işlənməsi, həmçinin qeyri-standart təhkiyə tərzi rejissorun kino dilinin ifadə vasitələrinə həssas münasibətindən xəbər verir. 

Bu halda, yuxarıda qeyd edilənləri nəzərə alsaq, deyə bilərik ki, kinorejissor H.Seyidbəyli birinci növbədə vizuallaşdırma ustası və yalnız ondan sonra nağılçıdır. Çünki hər şeydən əvvəl kinematoqraf təsvir sənətidir. Kinonəql filmin bitkin obrazı ilə nəticələnən "şəkillər" zəncirindən ibarətdir. Əsl kinorejissor - vizuallaşdırma ustası - həmin obrazın partiturasını yaradanda gələcək filmin tamaşaçıya neyrofizioloji təsir xüsusiyyətini əsas götürür. Yəni o, artıq sadəcə ssenaridəki material, həmin materialı təkmilləşdirmək və onun gizli potensialını inkişaf etdirmək haqqında düşünmür. Rejissor daha çox bu materialı zaman-məkan ölçüsündə necə istifadə etmək barədə fikirləşir ki, materialın ideyası daha təsirli olsun. Sadə dillə desək, rejissor tamaşaçını öz ismarıcının adresatı hesab edir və insanın qavrama qabiliyyətini nəzərə alır. Təbii ki, kinodramaturq da ssenarini hazırlayanda daim tamaşaçı haqqında fikirləşir - ekspozisiyası, dönüş nöqtələri, kulminasiyası və düyünün açılışı ilə Aristotelin "Poetikası"na əsaslanan ssenarinin üç hissəli quruluşu insanın qavrama qabiliyyətinin xüsusiyyətlərini nəzərə alaraq yaradılıb. Amma hər halda bu, son nəticədə - rejissor kino dilinin elementləri ilə oynayaraq, filmin təkrarolunmaz atmosferini yaradandan sonra meydana çıxacaq nəsnənin ilk rüşeymləridir.

Onun filmləri bu gün də tamaşaçını ovsunlayır

H.Seyidbəyli quruluş verdiyi filmlərdə bir rejissor olaraq, yalnız incə zövqlü sənətkar kimi yox, həm də məqsədi tamaşaçıya bilavasitə hipnotik təsir etmək olan sərt suggestoloq-alim kimi çıxış edir. Mövzu, süjet, fabula isə sadəcə bu təsirin üzərindəki pərdədir. Görkəmli kinorejissorun filmlərində ilk nəzərə çarpan elementlərdən biri də məhz tamaşaçıya güclü təsiretmə bacarığıdır. Onun filmlərinin atmosferi tamaşaçını film başlayan andan ələ alır, həmin ovqatın təsirinə salır. Son nəticədə tamaşanın üç ölçülü səhnəsindən fərqli olaraq, bütün bu sehrli atmosfer ikiölçülü ekranda əks olunur və filmin bütün təsiri işığın, rəngin oyunu, cizgilər, səslər və s. dördbucaq ekran üçündür. Onun çərçivəsi kadrın sərhədləri ilə üst-üstə düşür və kinematoqrafik məkana "giriş" rolunu oynayır. Təbii ki, kinorejissor aktyorların çəkiliş meydançasındakı oyunundan hədsiz zövq ala bilər, amma heç vaxt kino dilinin neyrofizioloji elementlərini yaddan çıxarmamalıdır. Ancaq onların sayəsində film tamaşaçıya təsir edir. 

H.Seyidbəylinin ssenari yaradıcılığında özünəməxsus xüsusiyyətləri çoxdur. Kino dramaturqu kimi o, çox ciddi ictimai konfliktə malik mövzulara əl atmış, müharibə, ailə-məişət qayğıları, əmək problemlərinə aid müstəqil ədəbi ssenarilər yazmışdır. H.Seyidbəyli mənfi obrazları ya monoloqları, ya da tərəf-müqabilləri vasitəsilə qınaq obyektinə çevirirdi. Bir sözlə, o, əsl realist sənətkar idi. Onun ekran dramaturgiyasına hələ çox boylanılacaq, sənətkarlıq xüsusiyyətləri təhlil obyektinə çevriləcək.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *