Qeydiyyat    Daxil ol
1 AZN = 0,53 USD
1 AZN = 0,5 EUR
1 AZN = 31,81 RUB

» » Azərbaycanda 2 milyondan çox insan yoluxacaq…


Azərbaycanda 2 milyondan çox insan yoluxacaq…

09.01.2017 22:46
admin
Qorxulu Honq-Konq “mutant”ı ölkələri cənginə alır
Virus may ayına qədər ev-ev “sürünəcək”

Bizimyol.info keçən ilin sonlarından Azərbaycanı cənginə alan qrip epidemiyasının dəhşətli xüsusiyyətlərindən yazmışdı. Avropa Xəstəliklərin Önlənməsi və Nəzarəti Mərkəzinin məlumatına görə, müşahidə olunan A tipli qrip virusunun ştamı H3N2-dir. Elmi adı “influenza” (tərcümədə qrip) olan qrip virusu kifayət qədər təhlükəli sayılır. Ümumdünya Səhiyyə Təşkilatı hələlik sussa da bu virus artıq pandemiya halına keçib. Yəni, bu gün virus təkcə Rusiya sərhədlərində deyil, Ukrayna, Türkiyə, Azərbaycanda da yayılıb. 

Xatırladaq ki, epidemiya - hər hansı yoluxucu xəstəliyin (məsələn, vəba, taun, qrip bir ölkə daxilində geniş yayılmasıdır. Pandemiya isə yoluxucu virusun bütöv bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox dövlətləri bürüməsinə deyilir.   

Rusiyada artıq epidemiya elan olunub

Rusiyada qrip epidemiyası ötən ilin noyabr ayından elan olunub. Şimal qonşumuzda H3N2-dən artıq ölüm halları baş verib. Rusiyalı mütəxəssislər Honq-Konq qripini “qorxulu mutant” adlandırırlar, çünki hazırda yayılan xəstəlik Honq-Konq virusunun mutantlaşmış formasıdır, yəni daha təhlükəli hala keçib. Onlar 2017-ci ildə də bu təhlükəli virusun yayılmaqda davam edəcəyi proqnozunu veriblər. Rusiya mətbuatı yazır ki, 2015-ci ilin qışında qrip virusundan 663 nəfər dünyasını dəyişib. 2016-cı ilin dekabrın ortalarına olan məlumata əsasən isə ölkənin 20 vilayətində 15 min virusa yoluxan şəxs qeydə alınıb, bu isə əvvəlki ildəkindən 40 faiz çoxdur. Amma qrip virusu ölkədə “sürünməkdə” davam edir və qurbanların sayının artacağı istisna deyil. 

İnsanların immun sistemi onunla tanış deyil

Ukraynada da bu qripin yayılacağı hələ ötən ilin 10-cu ayından proqnozlaşdırılırdı. Azərbaycan səhiyyəsi də bundan öz dərsini götürməliydi. Virusun yanvarın ortalarından pik həddinə çatacağı, 2017-ci ilin may ayına qədər dolaşacağı deyilib. Bu virus həm də ona görə təhlükəli sayılır ki, insanların immun sistemi onunla tanış deyil. Bizdə də kütləvi yoluxma azərbaycanlıların immunitetinin bu virusla tanış olmadığı səbəbindən baş verdi. Ukraynalı həkimlər bu epidemiyanın miqyasının əvvəlki ildəkindən xeyli geniş olacağını deyiblər. Yerli mətbuat keçən qış qrip virusundan yanvar-mart ayının ortalarına qədər 370 adamın öldüyünü yazıb. Böyüklər və gənclər üçün qorxulu olan H1N1 virusundan fərqli  “Honq-Konq” virusu ilk növbədə yaşlı və uşaqları “vurur”. Onlardan başqa bu virus ürəyin, qan damarlarının, tənəffüs orqanlarının xroniki xəstəliklərindən əziyyət çəkənlər, hamilə qadınılar üçün də böyük təhlükədir. 

Bu virusa dərman da təsir etmir

Türkiyə televiziyaları da qrip salqını barədə bas-bas bağırır. Onlar bu virusu “inatcı qrip” adlandırırlar, çünki, virus yoluxdusa buraxmır. Qrip gələndən sonra evdə kimsənin qaçma şansı yoxdur. Türk həkimlər antibiotiklərin qəbulunu məsləhət görmür, onlar deyirlər ki, bu virusa heç dərmanlar da təsir etmir. Mümkün deyil ki, ən yaxın qonşularımız Rusiya və Türkiyədə bir virus yayılsın, o, Azərbaycana gəlib çıxmasın. Biz daha çox bu ölkələrə gedirik. Bunu AZAL-ın keçən il üçün uçuş statistikası da təsdiqləyir. Adıçəkilən iki ölkə ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edir.   

Bir məmur ölkədə H3N2 virusunun olduğunu gizlədir, o biri etiraf edir

İndiyə qədər Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev ölkədə H3N2 virusunun mövcudluğunu cidd-səhdlə inkar edirdi. O, tam olaraq belə demişdi: “ölkədə xəstəliklərə Səhiyyə Nazirliyi nəzarət edir. İnsanları təşvişə sala biləcək xəstəliklərlə bağlı Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasında diaqnostika aparılır. Lakin bu vaxta qədər Azərbaycanda H3N2-nin yayılması aşkarlanmayıb. Səhiyyə Nazirliyinin bütün xəstəliklər üzrə mütəxəssisləri var. Belə bir hal aşkarlansa, onunla barədə ilk məlumat bizdə olar. Respublikada epidemioloji vəziyyətlə bağlı narahatlığa əsas yoxdur”. 

Amma indi başqa bir məmurun sözündən məlum olur ki, o, yalan danışıb, narahatlığa əsas varmış, çünki ölkədə bu virus dolaşır. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib ki, "Azərbaycanda tək-tək hallarda A tipli qrip virusuna aid olan H3N2 aşkar olunur". Guya ölkədə eyni vaxtda iki cür qrip virusu dolaşırmış. Amma nə “təsadüfdürsə”, əlamətləri istisnasız hamıda eynidir. Xanım onu da iddia edib ki, H3N2 çox yüngül keçən mövsümi qripdir. Bu da ağ yalandır. O da deyilir ki, guya insanlar özləri-özlərini ağırlaşdırırmış, işə, dərsə getməklə. Halbuki, bunun baş verməməsi üçün Səhiyyə Nazirliyi karantin elan etməliydi. A.Əliyeva bir neçə gün əvvəl onu da iddia edirdi ki, guya dezinfeksiya işləri aparılır. Amma haranı deinfeksiya etdiklərini söyləmirlər. Bizim binada 100-dən çox ailə var, virusa yoluxmayan qalmayıb. Dezinfeksiya-filan da yoxdur. Həkim Adil Qeybulla da ilk gündən bildirmişdi ki, qrip epidemiyasından söhbət gedə bilməz, bu, soyuqdəymədir. Indi o da xarici həmkarlarından sonra virusun adını dilə gətirir. 

Yarım milyon insanın axırına çıxmış virus Azərbaycanda dolaşır

Qrip epidemiyalarının qədim tarixi barədə aparılan tədqiqatlar və epidemioloji təcrübələr göstərir ki, onlar qəflətən yaranır və yaranmasında heç bir ciddi dövri qayıtmalar olmur. XX əsrdə pandemiyalar 9-39 il kimi uzun sürən fasilələrlə baş verib. Amma XXI əsrdə artıq görünür ki, quş qripi, donuz qripi, başqa çeşidli adlarla yayılan viruslar bir-birini əvəzləyir və heç də bu vaxt aralığını gözləmir. Bəşəriyyət tarixində ilk ən ağır qrip pandemiyası 1918-ci ildə İspaniyada baş verib. İspan Qripi A (H1N1) tipi ilə baş vermiş və gənc nəsl arasında yüksək xəstələnmə və ölüm halları, klinik cəhətdən sübut olunan halların yüksək faizi (40 %) və əsasən sətəlcəmin ağır formaları ilə fəsadlaşmalarla müşayiət olunub. Bu pandemiya zamanı ölüm hallarının sayı 20 ilə 40 milyon arasındadır. İkinci pandemiya halı isə A (H2N2) virusunun törətdiyi və Asiya qripi adlanan xəstəlik 1957-ci ildə Çində baş qaldıraraq 6 ay ərzində bütün dünyanı bürüyüb. Ümumilikdə, əhalinin 40-50%-i onun təsirinə məruz qalıb və klinik əlamətlərin təzahürü halları isə 25-30 faiz olub. Ölənlərin sayı təxminən 1 milyon nəfərdir. 1968-ci ildə A (H3N2) virusunun səbəb olduğu Honq-Konq qripi pandemiyası yayılmağa başlayıb. Bu pandemiya dünyanın 30-40%-ni təsirə məruz qoymaqla 500.000 insanın ölümünə səbəb olub. Bu iki pandemiya bütün yaş qruplarına təsir edib, ölüm halları yaşlı və xroniki xəstəliyi olan insanlar arasında daha yüksək olub. Beləliklə XX əsrin sonlarında dövr edən A tipli qrip virusunun əsas sub-növləri A (H3N2) 1968-cı ildən bəri və A(H1N1) - 1977-ci ildən bəri dünyada müxtəlif ağırlıq səviyyələri ilə hər il qrip epidemiyalarına səbəb olmaqla antigen növləri kimi öz yayılmalarını indiyə kimi davam etdirir.

Bu, gözlənilən pandemiyadırmı?

XX əsrin epidemioloji təcrübələrinə əsasən gələcəkdə baş verə biləcək pandemiyalar zamanı gözlənilən xüsusiyyətləri açıqlanıb. Çox böyük ehtimal var ki, növbəti pandemiya virusu da baş vermiş olan son 3 pandemiya virusundan ikisi kimi yenə də Cənub-Şərqi Asiyada ortaya çıxacaq. Yeni qrip pandemiyasının antigen strukturu barədə proqnoz vermək mümkün deyil, lakin güman ki, virusun səthi antigenləri və heyvan mənşəli qrip virusunun (yəni 1977- ci ildə Honq-Konqda aşkar edilən A (H5N1) - quş qripi) virulentliyi yüksək olacaq. İnsandan insana yoluxmaya tam olaraq adaptasiya olunandan sonra yeni virus sürətlə yayılacaq və 6-10 ay ərzində pandemiya bütün dünyanı bürüyəcək. Ticarət, hava nəqliyyatı kimi beynəlxalq əlaqələrin və güclənən urbanizasiya miqyasını nəzərə alaraq, demək olar ki, xəstəliyin daha qısa bir müddət ərzində yayılmasını gözləmək olar. Çox böyük ehtimal var ki, pandemiyanın dünyada bütün yaş qrupları arasında yüksək yoluxma, ölüm halları, ciddi sosial və iqtisadi vəziyyətlərə səbəb ola biləcək ardıcıl bir neçə dalğası yayılacaq. Hər il baş verən qrip epidemiyalarına xas olaraq ilk pandemiya dalğasının da qış fəsli zamanı başlaması mümkündür. Mövsümi epidemiyaların əksinə olaraq pandemiya gənc təbəqəyə daha çox təsir edəcək və güman ki, ölüm sayı da böyük olacaq. Buna görə də, cəmiyyət üçün əhəmiyyət kəsb edən əsas fəaliyyətlərin icrası ilə əlaqəli olan peşə sahiblərinin müdafiəsi üçün tədbirlər görülməlidir. Yaşlı adamlarda yoluxma dərəcəsi yeni pandemiya virusunun əvvəlki pandemiyaları törədən viruslar ilə antigen əlaqəsindən asılı olacaq. Ölümün faizi barədə proqnoz vermək mümkün deyil. Əgər pandemiya virusu A (H5N1) quş qripi virusuna oxşar olarsa, ölümün faizinin yüksək olmasını gözləmək olar. ÜST yeni pandemiyanın baş verməsi barədə məlumat verdikdən dərhal sonra virus üzrə diaqnostik fəaliyyətlərin gücləndirilməsi böyük praktik əhəmiyyətə malikdir.
Hər bir pandemiyanın ağırlıq dərəcəsi əsasən virusun virulentliyindən, onun insanlar arasında asan yayılmasından, kollektiv immunitetin səviyyəsindən, müvafiq olaraq insanların pandemiyanı törədən virusun yeni sub-növünə həssaslığından asılıdır. Bu amillərə nəzarət etmək olmur, lakin pandemiyanın qarşısını almaq və ya onu məhdudlaşdırmaq üçün cəmiyyəti buna əvvəlcədən hazırlamaqla nail olmaq olar. Daim intensiv şəkildə epidemioloji və virusoloji nəzarəti həyata keçirə bilən, pandemiya zamanı fəaliyyət göstərilməsi üçün münasib planı olan və əhalinin tibbi yardıma artan ehtiyaclarını qarşılamaq üçün yetərincə virus əleyhinə preparatları və vaksinləri olan səhiyyə sisteminin həmişə hazır vəziyyətdə olması çox vacibdir.

Azərbaycanda 2 milyondan çox insan qurtula bilməyəcək

Azərbaycan Respublikasında Qrip Pandemiyasına Hazırlıq Üzrə Milli Planda çox maraqlı bir proqnoz da var. Plan 2008-ci ildə təsdiqləndiyinə görə rəqəmlər o vaxtkı statistikaya uyğunlaşdırılıb. Belə ki, 8 265 700 əhaliyə qarşı qripə yoluxmuş insanların sayı 2 066 600 göstərilir. Yəni epidemiya olarsa əhalinin dörddə birinin yoluxma ehtimalı yüksəkdir. Bunun da 1 033 300 səhiyyə müəssisələrinə müraciət edir. 5 690 nəfər xəstəxanaya yerləşdirilənlərin sayıdır, 3 820 nəfər isə ölənlərin sayı. Artıq 10 milyona çatdığımıza görə, qurbanların sayının yüksəlmə ehtimalı qaçılmazdır. Ümid edək ki, bu, sadəcə fərziyyədir, baş vermiş fakt deyil. Elə həmin sənəddə təsdiqlənib ki, 2006-cı ildə insanlar arasında A/H5N1 qrip virusu aşkar edilib və 10 nəfər bu virusa yoluxub, onlardan da 6-sı dünyasını dəyişib.  

Bizimyol.info

Mənbə: bizimyol.info

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив